Aqil Abbas: "O vaxtı futbolçuların çoxu ağdamlı olduğu üçün pula yox, qeyrətə oynayırdılar"

  Bölmə: Ölkə futbolu | 550 | 22:56 16-07-2019
Aqil Abbas: "O vaxtı futbolçuların çoxu ağdamlı olduğu üçün pula yox, qeyrətə oynayırdılar"

15 iyulda Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının (AFİAHİ )növbəti yığıncağı keçirilib. Bu dəfə AFİAHİ Bakıda bir yerə cəm olub.

  OLİMPSPORT xəbər verir ki, futbol ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə milli məclisin deputatları Aqil Abbas və Fazil Mustafa da fəxri qonaq kimi iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd AFİAHİ-in paytaxtdakı üzvlərini bir araya gətirib, yeni iş planlarını və indiyə qədər görülən işlərin nəticəsini müzakirə etmək olub. Tədbirin əvvəlində təşəbbüs qrupunun rəhbəri Nazim Süleymanov tədbir iştirakçılarına AFİAHİ-in indiyə qədər gördüyü işlər və yeni hədəfləri barədə məlumat verib.

  Daha sonra millət vəkili Aqil Abbas yeni yaranmış Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqı ( AFİAHİ ) barəsində, eyni zamanda futbolumuzun hazırki vəziyyəti ilə bağlı geniş nitq söyləyib.

  Aqil Abbas: "Çox gözəl təşəbbüsdür. Biz də beşəlli razıyıq. Yəqin hamınız bilirsiniz. Vaxtilə Bloxin məsələ qaldırmışdı ki, 35 yaşından yuxarı bütün futbolçulara pensiya verilsin. Özü də əsaslandırmışdı ki, balet oynayanlar pensiya alırsa, futbolçular da almalıdırlar. Bizdə isə 64 yaşından sonra pensiya alırlar.İndi 64 yaşında adam qalar? Əslində Bloxinin qaldırdığı məsələni həmkarlar qaldırmalıydı".

  Aqil müəllim futbolla bağlı fikirlərinə davam edərək bildirib: "Yaxınlarda mən "İctimai" televiziyada yayımlanan futbolla bağlı bir verlişdə də bəzi məsələlərə toxundum. Birincisi, Azərbaycanda futbol klubu deyilən bir şey yoxdur. Futbol komandası başqa, klub başqadır. Klubun üzvləri olur, konfransı keçirilir və prezident kluba seçki yolu ilə seçilir. Seçilən prezident də özünü doğrultmadığı halda yenə konfransın qərarı ilə işdən azad olunur. Prezident təyinatla olmur, seçkilərlə olur. Yoxsa, bu komandanın prezidenti o komandaya, o komandanın prezidenti bu komandaya təyin edirlər. Bu, nə qanundur? Vallah, biz bunun davasını edirik. Mətbuatda da demişəm, Rövnəq müəllimin özünə də demişəm. Belə hallara son qoymaq lazımdır. Məşqçi də elə. Yerli məşqçilərə güvənmək lazımdır. Premyer Liqada 8 komanda var. Demək olar ki, bu komandaların futbolçularının yarısı legionerlərdir. Yerdə qalır 50-60 futbolçu. Məşqçi də 20-25 futbolçu seçməlidir. Onda elə məşqçi qalan 50-60 nəfəri də seçsin milliyə də. Məşqçini də qınamalı deyil. Komandaların sayı artmalıdır ki, oyunçu seçimi geniş olsun. Lixtenşteyndə top stadiondan çıxanda az qala gedir, başqa ölkəyə düşür. Amma bununla belə bizi udurlar. Həmkarlar İttifaqına futbolçuları da daxil edin. "Qarabağ" komandasını "Azərsun" onlara sponsorluq edənədək dilənib, saxlamışam. Onun təsisçilərindən biri olmuşam. Prezidenti də olmuşam. Hərə 50-dən, 100 - dən yığırdı komandanı saxlayırdıq. Təkcə ağdamlılar yox, elə qeyri ağdamlılar, dost-tanış da komandanın qalmağına, yeməyinə kömək edirdi. Özü də hər il yer tutub, Avropaya gedirdik. Demirəm, gedib, güclü nəticə qazanırdıq. Amma komandanı yaşadırdıq. Sonra mən təsisçilikdən özüm çıxdım, Gozal bəy oldu təsisçi. Sual edirlər ki, olmayan büdcə ilə necə uğur qazanırdınız? Mən də cavabında deyirəm ki, bunun sirri üç amildən ibarətdir. Birincisi, o vaxtı futbolçuların çoxu ağdamlı olduğu üçün pula yox, qeyrətə oynayırdılar.  Elə Ağdamın adına oynamaq onlara bəs edirdi. İkincisi , komanda prezidenti məşqçinin işinə qarışmamalıdır. Üçüncüsü isə, məşqçiyə ən azı 3 il şans vermək lazımdır. Yoxsa, hər üç aydan bir məşqçi dəyişmək olar?"

  Millət vəkili Fazil Mustafa isə deyib: "Bu bir hüquqdur. Bunu gerçəkləşdirmək lazımdır. Buna hüquqi gözlə baxmaq lazımdır. Futbolçuların,məşqçilərin, futbol mütəxəssislərinin və bütün futbol ailəsinin hüququnu müdafiə edib, bərpa etmək üçün gözəl bir təşkilat ola bilərsiniz. Təklif edirəm ki, qurumlarla konfliktə girmədən, cəmiyyətdə legitimlik yaratmaqla hətta, ölkə başçısına fəaliyyətinizlə bağlı müraciət edə bilərsiniz. Yerli mütəxəssislərə güvən olmalıdır. Onsuzda legioner məşqçi ilə 3 oyunu uduzmuşuq. Elə uduzmaq uduzmaqdırsa, qoy öz məşqçimiz olsun, pulumuz da qalsın özümüzə. Nə vaxta qədər gəlmələri milliləşdirib oynadacağıq? İndiyə kimi hansı milliləşmiş futbolçu qalıb ölkədə? Bir Almeydadı. Onun da daha sürəti çatmır və ya artıq yük götürə bilmir".

  Daha sonra Fazil müəllim həmkarlarla bağlı öz tövsiyələrini verərək deyib: "İşə hüquqi müstəvidə baxmaq lazımdır. Siz işləyən - işləməyən məşqçiləri, futbolçuları da sıralarınıza qatın. Əslində, işləyən məşqçilər sizə birləşməlidirlər ki, sabah onu qovanda sizə müraciət edə bilsin. Və yaxud, sizin içinizdən kiməsə iş verməklə o demək deyil ki, həmkarlardan uzaqlaşmalısınız. Mənim özümə də futbolçular,məşqçilər müraciət ediblər ki, bizə şans verən yoxdu, kömək edin. Mən də xahiş etmişəm, bəzi yerlərə təklif etmişəm ki, bunları da bir yoxlayın. Sonra da aparıb, burulğana atıblar.Axı, necə ola bilər ki, 7-8-ci yeri tutmuş komandaya pul ayırılsın? Biri var UEFA yarışlarına qatıla bilməyəsən, hesabat verəsən, biri də var sonuncu yerləri tutasan heç bir hesabat verməyəsən. Daha bu sonuncu yerdən də o tərəfə nəsə var? 1-ci liqadan Premyer Liqaya komanda gəlmir. Sonuncu yeri tutan Premyer Liqanı tərk etmir. Belə çempionat olar? Mən hətta, bir dəfə təklif etmişdim ki, "Qarabağ "ın adına bir fond yaradılsın. "Qarabağ " özü bir brenddir. Yığılan vəsait hesabına yaxşı oyunçular transfer olunsun. Belə olan halda "Qarabağ" Çempionlar Liqasının qrupuna düşə bilər və bu 6 ay Azərbaycan üçün təbliğat deməkdir. Hələ 1/4 final mərhələsinə çıxsaq, necə olar. Ona görə də sizin fikirlərinizi, haqlı sayıram. Baxıram ki, Nazim müəllim, tək siz yox, burda iştirak edənlərin bəzisinin haqqı-hüququ pozulub. Amma buna baxmayaraq, qərəzli olmadan, narazı hərəkat kimi yox, öz hüquqlarını müdafiə edən bir təşkilat kimi fəaliyyət göstərməyiniz məsləhətdir. Veteranları da özünüzə cəlb edin. Təbii ki, veteranların da hərəsi bir oyunun komisarıdır. Sizə qoşulmaqda ehtiyat edə bilərlər. Amma bu da bir vicdan məsələsidir, axı. Əgər hər şey hüquqi istiqamətdə gedərsə, burda bir problem də yoxdur. Mənə elə gəlir ki, son məğlubiyyətlər, uğursuzluqlar artıq fikir formalaşdırıb. Elə bu addımın özü müəyyən düşüncə dəyişikliyinə səbəb ola bilər. Millini də bir tərəfdən qınamaq olmur. Axı, bu məğlubiyyət indinin deyil. Lənkəranda, Gəncədə, Tovuzda və s. yerlərdə futbol öləndə hardan futbolçu tapılacaq? Yaxınlarda mən xariciləri helikopterlə Ağdama aparmışdım. Quzanlıda futbol meydançasını qanqal basıb. "Qarabağ" ın özünü fikirləşmək lazımdır ki, Ağdama bir futbol töhfəsi versin".

  Qeyd edək ki, tədbirdə millət vəkili Aqil Abbasın səsləndirdiyi fikirə görə "Qarabağ" ın əvəzedici komandası ev oyunlarını Quzanlıda keçirməsinə nail olmağa çalışırlar.

IMG-20190715-WA0038IMG-20190715-WA0040IMG-20190715-WA0042IMG-20190715-WA0047IMG-20190715-WA0051IMG-20190715-WA0054IMG-20190715-WA0055IMG-20190715-WA0056IMG-20190715-WA0057IMG-20190715-WA0059IMG-20190715-WA0061IMG-20190715-WA0063


Digər xəbərlər