"Neftçi" Azərbaycan futbolunda yeni tarix yazdı

  Bölmə: Ölkə futbolu | 1279 | 23:16 18-07-2019
"Neftçi" Azərbaycan futbolunda yeni tarix yazdı

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb.

 “Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol on səkkizinci dəqiqədə vurulub. Paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0. Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb. Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0. Birinci hissə elə bu hesabla bitib. İkinci hissədə də “Neftçi” komandası yenidən hesabda fərqlənib. Görüşün 67-ci dəqiqəsində Stiven-Jozef Monroz komandasının beşinci qolunu vurub. Meydana 71-ci dəqiqədə daxil olan İsmayıl Zülfüqarlı cəmi 7 dəqiqə sonra fərqlənib. İ.Zülfüqarlı komanda yoldaşı Rəhman Hacıyevin ötürməsini dəqiq yerinə yetirərək görüşdə 6-cı qolu rəqibin qapısından keçirib.Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə darmadağın edərək eyni zamanda Azərbaycan futbolu tarixində Avropa yarışlarında ən böyük hesablı qələbəyə imza atan tək klub olub.

Xatırladaq ki, indiyədək ən böyük hesablı nəticələr "İnter" və "Qarabağ"ın 5:0 hesablı qalibiyyətləri olub. Əvvəlki illərdə "İnter” UEFA Avropa Liqasında Estoniyanın “Trans” klubunu səfərdə 5:0 hesabı ilə, Ağdam təmsilçisi Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi “Samtredia”nı eyni hesabla məğlub edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn “Neftçi” doğma meydanda rəqib qapısına 6 qol vuraraq iki matçın cəmində doqquz top üstünlüyü ilə qələbə qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur.

Qeyd edək ki, Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb. “Ağ-qaralar” növbəti mərhələdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.


Digər xəbərlər