Ukrayna ilə Azərbaycan arasında Bədən tərbiyəsi və idman sahəsində ikiillik əməkdaşlıq proqramı imzalanıb

  Bölmə: Maqazin | 960 | 14:53 22-07-2019
Ukrayna ilə Azərbaycan arasında Bədən tərbiyəsi və idman sahəsində ikiillik əməkdaşlıq proqramı imzalanıb

Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb

Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov başda olmaqla bu ölkənin nümayəndə heyəti Azərbaycan tərəfinin dəvəti ilə XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Bakıda səfərdədir.

Iyulun 22-də Azərbaycan Gənclər və İdman Nazirliyində Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb. Sənədi Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və onun ukraynalı həmkarı İqor Jdanov imzalayıb.

Qarşılıqlı anlaşma Memorandumu çərçivəsində iki ildə bir dəfə imzalanan Əməkdaşlıq Proqramı Azərbaycan ilə Ukrayna arasında bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyəti konkretləşdirir. Ukraynanın Gənclər və İdman naziri İqor Jdanov bildirib ki, imzalanmış Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı 2019-2020-ci illər üçün nəzərdə tutulub.

İ.Jdanov deyib: “Bu gün biz Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramını imzaladıq. Biz ukraynalı idmançıların sizin idmançılarla birgə toplantılar və məşqlər keçirmək üçün Azərbaycana gəlməsinə hazırıq və əlbəttə, Azərbaycan idmançılarını Ukraynaya dəvət edirik. İdman sahəsində ölkələrimiz arasında çoxdan bəri sıx əlaqələr mövcuddur və düşünürəm ki, həmin əlaqələr bundan sonra da inkişaf edəcək”.

Ukraynalı nazir XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün dəvətə görə Azərbaycan rəhbərliyinə, habelə Gənclər və İdman naziri Azad Rəhimova təşəkkürünü bildirib. İ.Jdanov sonda deyib: “Tədbir çox gözəl təşkil edilib. Dünən biz festivalın açılışında olduq, hər şey çox gözəl idi. Düşünürəm ki, açılış bu hadisəyə layiq oldu”.


Digər xəbərlər