Vidadi Rzayev : "Qurtarın arxada torba tikməyi. Çıxın kişi kimi oyun oynayaq"

  Bölmə: Ölkə futbolu | 557 | 15:33 25-07-2019
Vidadi Rzayev : "Qurtarın arxada torba tikməyi. Çıxın kişi kimi oyun oynayaq"

Az əvvəl qeyri-rəsmi mənbənin məlumatına istinadən Gəncənin "Kəpəz" komandasına Yaşar Vahabzadənin baş məşqçi təyinatının olması barədə xəbər vermişdik. Deyilənə görə, Yaşar Vahabzadənin köməkçi məşqçilərindən biri də Vidadi Rzayev olacaq. Aldığımız daha bir məlumata görə, "Kəpəz" in baş məşqçisi Vidadi Rzayev olmalıymış. Nədənsə müəmmalı şəkildə Rzayevin adı köməkçi məşqçi kimi hallanması gündəm oldu. Bununla bağlı Vidadi Rzayev fikirlərini "olimpsport.az" saytına müsahibə verərək deyib:

-Bəli, belə bir söhbət olub. Biz Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqı ( AFİAHİ ) ilə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə olanda Elxan müəllim məni axıra saxlayaraq səninlə işim olacaq dedi. O, məndən"Kəpəz" də baş məşqçi işləyə biləcəyimi soruşdu. Mən də razılıq verdim. O da əlimi sıxdı. Bu söhbətdə Nadir Şükürov da yanımızda olub. Hətta veteranlar İttifaqının sədri Oqtay Abdullayev də Gəncədə iclasda üzünü tutub, hamıya məni baş məşqçi kimi elan edib, dedi ki, bundan sonra sözünüz olanda Vidadi Rzayevə deyin. Oqtay müəllim məni heç vaxt baş məşqçi kimi öz başına elan edə bilməzdi. O zaman Oqtay Abdullayevə kim bu səlahiyyəti vermişdi? Yəqin ki, ona AFFA təlimat verib Gəncəyə göndərmişdi. Amma indi eşidirəm ki, Yaşar Vahabzadə baş məşqçi olacaq. Mənə də maraqlıdır ki, Elxan müəllim birdən birə fikirini niyə dəyişdi? Əslində, mən heç inanmıram ki, bu fikiri Elxan Məmmədovun özü dəyişib. Bəlkə də məşqçilər komitəsi Yaşar Vahabzadəni məsləhət biliblər. Əgər belədirsə, Yaşar Vahabzadəni mənim əvəzimə baş məşqçi məsləhət bilən məşqçilər komitəsinin həmin üzvlərinə üzümü tutub deyirəm ki, kişiliyiniz varsa, çıxın üzə, kişi kimi sözünüzü deyin ki, Vidadi Rzayev hansı keyfiyyətlərinə görə baş məşqçi işləyə bilməz. Mən demirəm ki, Yaşar Vahabzadədən yaxşı məşqçiyəm, yaxşı oğlanam. Amma ondan da özümü aşağı hesab etmirəm. Düzdür, mən Yaşar müəllimlə futbolumuz naminə köməkçi məşqçi kimi biryerdə işləyəcəm. Mənim onunla şəxsi ədavətim də yoxdur. Qoy, sonra ağzı göyçəklər deməsinlər ki, Vidadi ancaq danışmağı bilir, işləyən deyil. Sadəcə mən bu oyunu oynayanları tanımaq istəyirəm. Mən özüm görürsünüz ki, açıq oyun oynayıram. Heç kimdən gizli bir işim yoxdur. Ağa ağ, qaraya qara deyirəm. Qurtarın arxada torba tikməyi. Çıxın, kişi kimi oyun oynayaq. Sizin bu oyunlarınız Azərbaycan futbolunu məhv edib onsuzda. Yenə də bu çirkli əməllərinizdən əl çəkmirsiniz.


Digər xəbərlər