Velosipedçimiz Tokio Olimpiya Oyunlarına lisenziya xallarını artırıb

  Bölmə: Olimpiya Növləri | 785 | 17:37 26-07-2019
Velosipedçimiz Tokio Olimpiya Oyunlarına lisenziya xallarını artırıb

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Challenge du Prince” silsilə yarışları başa çatıb.

Mərakeşə Elçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan yığma komandamız “Tokio 2020” Yay Olimpiya Oyunları üçün ölkəmizin reytinqini ümumilikdə daha 58 lisenziya xalı ilə zənginləşdirib. Silsilə yarışlara iyulun 22-də “Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan E.Əsədov iki gün sonra “Trophée de l'Anniversaire”də ikinci yeri tutub və daha 30 reytinq xalı əldə edib. Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - “Trophée de la Maison Royale” turunu da uğurla başa vurub.

Belə ki, 140 kilometr məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən velosipedçimiz fotofinişə əsasən fəxri kürsün 3-cü pilləsinə qalxıb və 25 xal götürüb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.


Digər xəbərlər