XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları başa çatıb

  Bölmə: Olimpiya Növləri | 635 | 10:22 27-07-2019
XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları başa çatıb

İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarına yekun vurulub.

Yarışlarının sonuncu günündə Azərbaycanın üç atleti mübarizəyə qoşulub. Məryəm Şeyxəlizadəxangah 50 metr, Aysel Səfərova 800 metr məsafəyə sərbəst, Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarında qüvvələrini sınayıblar. M.Şeyxəlizadəxangah təsnifat mərhələsində 26.72 saniyə nəticə göstərərək yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Yarımfinalda müəyyən olunmuş məsafəni 26.68 saniyəyə qət edən təmsilçimiz həlledici mərhələyə vəsiqə qazana bilməyib. Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışında 4 dəqiqə 55.73 saniyə nəticə göstərib. Bu nəticə təmsilçimizin finala keçməsinə kifayət etməyib. Aysel Səfərova 800 metr məsafəyə sərbəst üzmə yarışında finişə 9 dəqiqə 49 saniyəyə çatsa da medalçılar sırasına düşə bilməyib.

Bu yarışda Türkiyə atleti Beril Böcekler birinci, Böyük Britaniya üzgüçüsü Freya Kolbert ikinci, Rusiya təmsilçisi Marqarita Varulnikova üçüncü yerləri tutublar. Oğlanlar arasında 400 metr məsafəyə kompleks üzmə yarışında fərdi kateqoriyada rusiyalı İlya Borodin qızıl, macarıstanlı Hubert Kos gümüş, çexiyalı Yakub Bursa isə bürünc medal qazanıblar.

Qızlar arasında 100 metr məsafəyə arxası üstə üzmə yarışının qalibi italiyalı Franseska Qaytani Erika olub. Almaniyalı Lusi Mosdzien finişə ikinci çataraq gümüş medal qazanıb. İlk üçlüyü isə finalda eyni nəticə göstərən rusiyalı Renata Qaynullina və ukraynalı Yevgeniya Jukova tamamlayıblar.

Oğlanlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında isə çempionluğu ukraynalı Rostislav Krıjanivski bayram edib. Böyük Britaniya atleti Kameron Uilliams fəxri kürsünün ikinci pilləsində yer alıb. Fransa üzgüçüsü Brendan Fitzpatrik isə üçüncü yeri tutub.

Qızlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında rusiyalı Yevgeniya Çikunova birinci, fransalı Jastin Delmas ikinci, irlandiyalı Molli Mayn üçüncü olublar.

Oğlanlar arasında 200 metr məsafəyə sərbəst üzmə yarışında Edvard Mildred (Böyük Britaniya), David Popoviçi (Rumıniya) və Bora Gülşən (Türkiyə) müvafiq olaraq qızıl, gümüş və bürünc medallara sahib çıxıblar.

Rusiya atletləri XV Avropa Gənclər Yay Olimpiya Festivalının qızlar və oğlanlar arasında 4x100 metr məsafəyə kompleks üzmə yarışlarında çempion olublar. Hər iki yarışda gümüş medalları Böyük Britaniya idmançıları qazanıblar.

Oğlanların mübarizəsində bürünc medallara Fransa təmsilçiləri, qızların yarışında isə İtaliya üzgüçüləri yiyələniblər. Qızlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Rumıniya atleti Bianka Kostea finişə birinci çataraq qızıl medal əldə edib. Serbiya üzgüçüsü Nina Stanisavleviç ikinci, Niderland təmsilçisi Milou Van Viyk isə üçüncü pillədə qərarlaşıblar.

Zərif cinsin nümayəndələrinin 200 metr məsafəyə fərdi qaydada kompleks üzmə yarışında Böyük Britaniya idmançısı Keyti Şanahan rəqibləri üçün əlçatmaz olub. İtaliyalı Çiara Fontana turnirin gümüş medalını qazanıb. Yarışda ilk üçlüyü Türkiyə atleti Dəniz Ertan tamamlayıb.

Oğlanlar arasında 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında Rasmus Nikelsen (Danimarka) çempion adına layiq görülüb. Hubert Kos (Macarıstan) yarışı ikinci pillədə başa vurub. Polşalı Pavel Urinyuk isə bürünc medala sahib olub.

Son yarış günündə 15 ölkə təmsilçisi fəxri kürsüdə yer alıb. Rusiya ( 4 qızıl, 2 bürünc), Böyük Britaniya ( 2 qızıl, 4 gümüş), İtaliya ( 1 qızıl, 1 gümüş, 1 bürünc), Rumıniya ( 1 qızıl, 1 gümüş), Türkiyə ( 1 qızıl, 2 bürünc), Ukrayna ( 1 qızıl, 1 bürünc), Danimarka ( 1 qızıl), Macarıstan (2 gümüş), Fransa ( 1 gümüş, 2 bürünc), Almaniya, Serbiya ( hərəyə 1 gümüş), Hollandiya, İrlandiya, Çexiya, Polşa ( hərəyə 1 bürünc) atletləri medalçılar sırasına düşməyi bacarıblar.

Yarışda ilk üç yerin sahiblərinə medal və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində medalları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov, “EYOF Bakı 2019”un protokol meneceri Nigar Rzazadə və başqaları təqdim ediblər.

Bununla da festivalın üzgüçülük yarışlarına yekun vurulub. İyulun 22-dən 26-dək keçirilən üzgüçülük yarışlarında medalçıların siyahısına Rusiya başçılıq edir. Şimal qonşularımızın aktivində 19 medal (14 qızıl, 2gümüş, 3 bürünc) var. Böyük Britaniya 18 medalla (6 qızıl, 11 gümüş, 1 bürünc) ikinci yerdə qərarlaşıb. Aktivində 10 medal (3 qızıl, 2 gümüş, 5 bürünc) olan Türkiyə siyahıda üçüncüdür. Beş gün davam edən yarışlarda Azərbaycan atletlərindən ən yaxşı nəticəni Ramil Vəlizadə göstərib. O, iyulun 24-də 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında beşinci yeri tutub. Digər təmsilçimiz, Məryəm Şeyxəlizadəxangah isə iyulun 25-də 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında altıncı olub.

Qeyd edək ki, festivalın üzgüçülük yarışlarında Azərbaycan 6 atlet - Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova və Məryəm Şeyxəlizadəxangah ilə təmsil olunub.


Digər xəbərlər