"EYOF Bakı 2019" un son günü cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparıblar

  Bölmə: Cüdo | 920 | 18:21 27-07-2019
"EYOF Bakı 2019" un son günü cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparıblar

İyulun 27-də Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının sonuncu günü qarışıq komandaların mübarizəsi ilə yadda qalıb.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların sonuncu günündə Azərbaycan komandasının heyətində qızlardan Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq), Nərmin Əmirli (+63 kq), oğlanlardan isə Turan Bayramov (60 kq), Vüqar Talıbov, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Hüseyn Məmmədov (+81 kq) yarışıblar.

Mübarizəyə səkkizdəbir finaldan başlayan Azərbaycan komandası birinci görüşdə Gürcüstan yığmasına 3:4 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici yarışlara qatılan yığmamız ilk mərhələdə Hollandiya komandasına 4:2 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə İtaliya yığmasına uduzub - 3:4.

Festivalın qızıl medalını Rusiya yığmasına 4:0 hesabı ilə qalib gələn Türkiyə komandası qazanıb. Bürünc medallara isə Almaniya və Macarıstan komandaları layiq görülüblər. Bununla da festivalın cüdo yarışlarına yekun vurulub.

Ümumiyyətlə, “EYOF Bakı 2019”un cüdo yarışlarında ən çox medalı Türkiyə yığması qazanıb. Türkiyə idmançıları 5 qızıl və 1 gümüş medala sahib olublar. Aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc medal olan Hollandiya seçməsi ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla Azərbaycan tamamlayıb. Ümumilikdə 21 ölkənin cüdoçuları medal qazanıblar. Cüdoçuların fərdi mübarizəsində idmançılarımızdan Turan Bayramov (60 kq) və Hüseyn Məmmədov (+90 kq) qızıl, Vüqar Talıbov (73 kq) gümüş, Məhərrəm İmamverdiyev (81 kq), Gülşən Bəşirova (44 kq) və Şükran Zamanlı (55 kq) isə bürünc medal qazanıblar. Festivalda 40 ölkədən 297 cüdoçu mübarizə aparıb. Azərbaycanı turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) təmsil edib.


Digər xəbərlər