Festivalın son günü oğlan və qız basketbolçuların çempionları məlum olub

  Bölmə: Olimpiya Növləri | 778 | 19:19 27-07-2019
Festivalın son günü oğlan və qız basketbolçuların çempionları məlum olub

İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının sonuncu günündə həm oğlanların, həm də qızların basketbol yarışlarında medalçılar müəyyənləşib.

Oğlanların yarışının həlledici qarşılaşması Türkiyə və İspaniya komandaları arasında oynanılıb. Oyunda 65:52 hesabı ilə qalib gələn İspaniya yığma komandası XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalına sahib olub.

Üçüncü yer uğrunda görüşdə Serbiya seçməsi Fransa yığmasını 75:57 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb. Yarışda 5-6-cı yerlər uğrunda görüşdə Litva basketbolçuları Yunanıstan komandasına qalib gəlib – 86:76.

Azərbaycan basketbolçuları isə 7-8-ci yerlər uğrunda qarşılaşmada Xorvatiya təmsilçiləri ilə qarşılaşıblar. Hesab 31:44 olarkən yüksək əzmkarlıq göstərən komandamız 64:51 hesabı ilə qələbə qazanmağa nail olub.

Qızlardan ibarət basketbol komandalarının yarışı isə Fransa yığmasının çempionluğu ilə başa çatıb. Finalda Macarıstan seçməsini 64:59 hesabı ilə məğlubiyyətə uğradan Fransa millisi festivalın qızıl medalını qazanıb.

Bürünc medal uğrunda görüşdə Rusiya millisi Çexiyaya qalib gəlib - 53:43. Yarışda 5-6-cı və 7-8-ci yerlər uğrunda oyunlarda müvafiq olaraq Belçika komandası İtaliyanı (70:58), Polşa yığması isə Türkiyəni (71:65) məğlubiyyətə uğradıb.

Beləliklə, festivalın “Sərhədçi” İdman Olimpiya Mərkəzində və Avropa Azərbaycan Məktəbində keçirilən basketbol yarışlarına yekun vurulub.

Qeyd edək ki, festivalda həm qadın, həm də kişi basketbolçuların mübarizəsində səkkiz komanda iki qrupda yarışıb. Kişilərin yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparıblar. Qadınların mübarizəsində isə Belçika, Fransa, İtaliya, Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa və Türkiyə seçmələri isə B qrupunda yer alıblar.

Hər iki kateqoriyada qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinal, digər yerlərdə qərarlaşan seçmələr isə 5-8-ci yerlər uğrunda görüşlərdə iştirak ediblər.


Digər xəbərlər