Festival: Xorvatiyanın oğlan, Fransanın qız həndbolçuları çempion olublar

  Bölmə: Olimpiya Növləri | 329 | 19:35 27-07-2019
Festival: Xorvatiyanın oğlan, Fransanın qız həndbolçuları çempion olublar

İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalında oğlanların və qızların həndbol yarışları başa çatıb və qaliblər müəyyənləşib.

Oğlanların yarışında çempion adı uğrunda Xorvatiya və Almaniya yığma komandaları görüşüblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 29:28 hesabı ilə çətin qələbə qazanan Xorvatiya komandası “EYOF Bakı 2019”un çempionu olub.

Bürünc medallara Fransa təmsilçilərini 28:21 hesabı ilə məğlubiyyətə uğradan Danimarka həndbolçuları layiq görülüblər.

Yarışda 5-6-cı yerlər uğrunda görüşdə İslandiya yığması Sloveniyaya 24:17 hesabı ilə qalib gəlib. Azərbaycan idmançıları isə 7-8-ci yerlər uğrunda görüşdə Serbiyaya uduzublar – 14:35.

Qızların yarışında isə finalda Hollandiya və Fransa yığma komandaları qarşılaşıblar. Görüşdə 23:21 hesabı ilə qalib qazanan Fransa millisi festivalın qızıl medalını qazanıb.

Üçüncü yer uğrunda görüşdə İsveçrə millisi üzərində 30:20 hesabı ilə qələbə qazanan Macarıstan həndbolçuları festivalın bürünc medallarına sahib olublar. Bu yarışda 5-6-cı yerlər uğrunda görüşdə Rumıniya yığması İspaniyaya (29:20), 7-8-ci yerlər uğrunda oyunda isə Çexiya seçməsi Azərbaycan həndbolçularına (42:13) qalib gəliblər.

Qeyd edək ki, “EYOF Bakı 2019”da həm qızların, həm də oğlanların yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb.

Qızların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparıblar.

Oğlanların mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yarışıblar. Hər iki kateqoriyada qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinal, digər yerlərdə qərarlaşan seçmələr isə 5-8-ci yerlər uğrunda qarşılaşmalarda güclərini sınayıblar.

Festivalın həndbol yarışları Bakı İdman Sarayında və “ABU Arena”da keçirilib.


Digər xəbərlər