Festivalın gimnastika yarışlarında millimiz cəmi bir medal qazanıb

  Bölmə: Olimpiya Növləri | 1118 | 19:57 27-07-2019
Festivalın gimnastika yarışlarında millimiz cəmi  bir medal qazanıb

İyulun 27-də Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışlarına yekun vurulub.

Festivalın sonuncu günündə oğlan gimnastlar dayaqlı tullanma, paralel qollar, turnikdə, qızlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə medallar uğrunda yarışıblar.

Oğlan gimnastların dayaqlı tullanma yarışlarında Böyük Britaniya təmsilçisi Reykvon Batist 13,983 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rumıniya gimnastları Robert Burtanete 13,933 xalla gümüş, Qabriel Burtanete (13,833) isə bürünc medala sahib olublar.

Festivalda paralel qollar üzrə yarışlarda ukraynalı İlya Kovtun 14,600 xalla bütün rəqiblərini qabaqlayaraq festivalın qalibi olub. Onun komanda yoldaşı Vladimir Kostyuk (14,300 xal) gümüş, Macarıstan təmsilçisi Kristian Balaj (13,566) isə bürünc medal qazanıblar. Ukrayna idmançısı İ.Kovtun turnikdə yarışlarda da fərqlənib. Uğurlu çıxışına görə, hakimlərdən 13,366 xal alan Ukrayna gimnastı qızıl medal qazanıb. Fransa təmsilçisi Lukas Desanj 13,233 xalla yarışı ikinci, italiyalı İvan Brunello isə 13,200 xalla üçüncü pillədə başa vurublar.

Qızların yarışında gimnastika tirində hərəkətlərdə Böyük Britaniya idmançısı fərqlənib. Hakimlərdən 13,666 xal alan Ondin Açamponq yarışı birinci pillədə başa vurub. İlk üçlüyü rumıniyalı Silvian-Mariya Sfirinqu-Qeorqe (13,666 xal) və fransalı Klariss Passeron (13 xal) tamamlayıblar.

Sərbəst hərəkət yarışlarında rusiyalı Viktoriya Listunova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atlet çıxışına görə, hakimlərdən 14,066 xal alıb. İlk üçlüyü Rumıniya təmsilçiləri İoana Stankiulesku (13,633 xal) və Silviana-Mariya Sfirinqu-Qeorqe (13,400) tamamlayıblar.

Bununla da festivalın Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası yarışlarına yekun vurulub. Yarışda medalların sayına görə birinci yerdə Ukrayna yığması qərarlaşıb. Bu ölkənin atletləri 6 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar. Rusiyalı gimnastlar 6 qızıl, 3 gümüş və 4 bürünc, Böyük Britaniya təmsilçiləri isə 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.

Yarışda 4 gimnastla (Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya) təmsil olunan Azərbaycan yığma komandası festivalı 1 gümüş medalla başa vurub. Medalı komandamızın aktivinə dəstəli at yarışlarında uğurla çıxış edən S.Məmmədli yazdırıb.


Digər xəbərlər