Sənan Qurbanov : "Rəqib keçilməz deyil"

  Bölmə: Ölkə futbolu | 401 | 23:03 31-07-2019
Sənan Qurbanov : "Rəqib keçilməz deyil"

Komandamızda oynayan gürcü futbolçular bizim üçün vacib oyunçulardır. Bu oyunçuların potensiallarına inanırıq. Davit Volkov komandaya faydalı olub, bizimlə titul qazanıb. Merab Qiqauri isə yoxlama oyununda və son matçda yaxşı təsir bağışladı. Hər iki futbolçu komandamıza tez uyğunlaşdı.Bu fikirləri “Qəbələ” komandasının baş məşqçisi Sənan Qurbanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 1-də keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) komandası ilə matç ərəfəsində təşkil olunmuş mətbuat konfransında söyləyib.

“Qırmızı-qaralar”ın məşqçisi bildirib ki, Gürcüstan çempionatı davam etdiyindən öz meydanımızda keçirilən ilk matçda rəqib daha hazırlıqlı görünürdü. Bizdə isə bəzi oyunçularımız ilk dəfə Avropa miqyaslı oyunda iştirak edirdilər və həyəcan hiss olunurdu. Yenilənmiş bir komandamız var. Lakin Tbilisiyə məğlub olmağa gəlməmişik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

Sabahkı oyun barədə fikirlərini açıqlayan 39 yaşlı mütəxəssis deyib: “Kompakt bir komanda olan “Dinamo”nun futbolçuları yaxşı çıxış edir. Komandanın kapitanı Levan Şengeliya diqqətimi cəlb etdi. O və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Biz də öz futbolçularımıza inanırıq. İlk oyundan sonra rəqibimizi daha yaxşı təhlil etmək imkanımız olub. Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hücumda və müdafiədə səhvsiz oynamalıyıq. Rəqib keçilməz deyil. İşimizi çətinə salsaq da, inamımız böyükdür. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”.


Digər xəbərlər