Roberto Bordin: "Bilirəm ki, "Bney Yehuda" Bakıya qələbə üçün gəlir"

  Bölmə: Ölkə futbolu | 463 | 21:02 07-08-2019
Roberto Bordin: "Bilirəm ki, "Bney Yehuda" Bakıya qələbə üçün gəlir"

Sabah bizi çətin və maraqlı oyun gözləyir. Rəqibimiz həm İsrail milli çempionatında, həm də Superkubok oyunlarında güclü müdafiəsi ilə seçilir.

Bu sözləri avqustun 7-də “Neftçi” futbol klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” komandası ilə ilk matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis deyib: “Rəqib sonuncu oyunda “Makkabi”yə qarşı 9-10 nəfərlə müdafiə olundu. Topa daha çox nəzarət etməyə çalışırlar. Komandada fərdi ustalığı yüksək olan futbolçular çoxdur. Ona görə ilk dəqiqələrdən oyuna düzgün yanaşmalıyıq. Sürətli əks-hücumlar edən bir komanda ilə qarşılaşacağıq. Hər mərhələ keçdikcə bizdən gözləntilər də artır. Üçüncü mərhələyədək gəlməyimiz komandamızın əzmkarlığından xəbər verir. Bilmirəm, sabah rəqib hansı taktikanı seçəcək. Bilirəm ki, “Bney Yehuda” Bakıya qələbə üçün gəlir. Müəyyən aparıcı futbolçuları heyətə daxil edilməsə də, komandanın güclü olduğunu bilirik”.

Tulanın “Arsenal” komandası ilə oyundan sonra komandada ruh yüksəkliyinin müşahidə edildiyini vurğulayan mütəxəssis deyib ki, indi irəli baxmaq lazımdır. Biz komanda olaraq sabahkı oyunu düşünürük. Çünki biz UEFA Avropa Liqasının qrup mərhələsində oynamağa layiq komandayıq.

Mətbuat konfransından sonra “Neftçi” komandasının media nümayəndələri və azarkeşlər üçün açıq məşqi olub.

Xatırladaq ki, “Neftçi” və “Bney Yehuda” arasında oyun avqustun 8-də saat 21:00-da “Bakcell Arena”da start götürəcək. Cavab matçı isə bir həftə sonra İsraildə oynanılacaq. Həmin görüş də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər