"APOEL" in baş məşqçisi: "Yüksək motivasiya ilə çıxış etdik"

  Bölmə: Xarici futbol | 60 | 09:53 14-08-2019
"APOEL" in baş məşqçisi: "Yüksək motivasiya ilə çıxış etdik"

Komanda olaraq, çıxışımızdan razı qaldım. Çətin oyun alındı. Qapıçımız ilk yarıda əla top çıxardı. Qapımızı toxunulmaz saxlamaqla istəyimizə nail olduq.

Bu sözləri APOEL klubunun baş məşqçisi Tomas Doll Bakıda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündən sonrakı mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis bildirib ki, penalti olmasaydı və ilk qolu vurmasaydılar belə, fərqlənmək imkanları yaranacaqdı. O, bunu ilk matçdan fərqli çıxış etmələri ilə əlaqələndirib: “Rəqibi bir az irəlidə qarşıladıq, yüksək motivasiya ilə çıxış etdik. Cəsur, ürəkli və sürətlə oynadıq. İlk oyunla müqayisədə nəyisə dəyişməyə nail olduq. İkinci hissənin ilk 15 dəqiqəsində çətinlik çəkdik. Bu bölümdə qapımızı toxunulmaz saxlayaraq, addım-addım istəyimizə çatdıq”.

Doll sələfi Paolo Trametsaninin rolunu da vurğulayıb: “Bura gələndə komandama dedim ki, mərhələ keçsək, Trametsaninin rolu böyük olacaq. Ona və daim bizimlə olan klub prezidentinə minnətdaram”.

Baş məşqçi qələbədə komandada özünəinam hissi yaratmalarının böyük rol oynadığını da vurğulayıb. O, ilk oyunla müqayisədə sistemi dəyişdirdiklərini bildirib.

Təcrübəli mütəxəssis 4-3-3 sistemi ilə oyuna başladıqları halda, “Qarabağ”ın hücumları ilə əlaqədar ikinci hissənin əvvəllərində sistemi dəyişdirdiklərini və yalnız növbəti qoldan sonra 4-3-3-ə qayıtdıqlarını əlavə edib.


Digər xəbərlər