"Neftçi" onları təhqir və tənqid edən azarkeşlərə bəyanat verdi

  Bölmə: Ölkə futbolu | 322 | 22:00 22-08-2019
"Neftçi" onları təhqir və tənqid edən azarkeşlərə bəyanat verdi

"Neftçi" klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubuna məğlub olub mübarizəni dayandırdıdan sonra və Azərbaycan çempionatının ilk turunda doğma meydanda "Sabah" komandası ilə görüşdə xal itirdiyinə görə sosial mediada azarkeşlər tərəfindən ciddi tənqid və təhqirlərə məruz qalıb. OLİMPSPORT klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" baş vermiş hadisələrlə bağlı bəyanat verib.

Bəyanatı olduğu kimi oxuculara təqdim edirik : “Neftçi” PFK-nın bəyanatı Bu mövsüm Avropa Liqasındakı son oyunumuzda uğursuz nəticə həm bizi, həm də azarkeşlərimizi çox məyus edib. Bu səbəbdən azarkeşlərimiz tərəfindən gələn reaksiyanı klub rəhbərliyi, məşqçilər və futbolçular normal qarşılayır. Lakin istər klub rəhbərliyinin, istər məşqçilərin, istərsə də futbolçuların və onların ailə üzvlərinin təhqir olunması yolverilməzdir. Bildiririk ki, sosial mediada yazdığınız hər bir təhqir məşqçi və futbolçu heyətinin ailə üzvləri tərəfindən oxunula bilər. Bu isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır, komanda üzərində əlavə təzyiqlər yaradır, futbolçuların toparlanmasına mane olur. Baqali Dabonun sosial mediadakı son paylaşımları ilə əlaqədar klub rəhbərliyi futbolçu ilə görüşüb, ciddi söhbət aparılıb və daxili intizam kodeksinə uyğun olaraq müvafiq addımlar atılıb. Həmçinin futbolçulara və məşqçilər heyətinə mətbuata veriləcək açıqlamalarda, azarkeşlərlə bağlı məsələlərdə daha diqqətli olmaları nəzərlərinə çatdırılıb. Klubda gedən hər bir proses nəzarət altındadır. İstəyirik ki, azarkeşlərimiz də hәmişәki kimi komandanın yanında olsunlar. Həmişə olduğu kimi hədəfimiz çempionluqdur. Bu mövsüm birlikdə buna nail olmağa çalışacağıq. Biz qələbələr üçün var gücümüzlə sonacan döyüşəcəyik. Çәtin yolda komandanın ruhu həm də sizdәn asılıdır! Azarkeşlərimizi bizimlə bir güc olmağa səsləyirik".


Digər xəbərlər