AFİAHİ Sumqayıtda futbol adamları ilə görüş keçirib - Kamal Quliyev: "Uşaq futbolu marketinq sahəsi deyil"

  Bölmə: Ölkə futbolu | 858 | 10:47 30-08-2019
AFİAHİ Sumqayıtda futbol adamları ilə görüş keçirib - Kamal Quliyev: "Uşaq futbolu marketinq sahəsi deyil"

Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqı ( AFİAHİ ) növbəti səfər proqramı çərçivəsində Sumqayıt şəhərində yerli futbol ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

  Görüşün keçirilməsində məqsəd ənənəvi olaraq AFİAHİ-in fəaliyyətini genişləndirmək və təşkilata yeni üzvləri daxil etmək olub. Dəyirmi masa ətrafında keçirilən görüşdə təşəbbüs qrupunun rəhbəri Nazim Süleymanov əvvəlcə Sumqayıtla bağlı xoş xatirələrini yada saldı. O bildirdi ki, mən özüm də Sumqayıtda böyüyüb, boya - başa çatmaqla yanaşı, futbola ilk qədəmlərimi atmışam.

  Daha sonra Nazim müəllim Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının ( AFİAHİ ) hədəflərindən danışdı və bu hədəflərə çatmaqda Sumqayıt futbol ailəsinin də rolunun olacağına inandığını vurğuladı. Nazim Süleymanov indiyə qədər Gəncədə, Masallıda, Buzovnada, İmişlidə, Lənkəranda və Şirvanda bu cür görüşlərin keçirildiyini də qeyd etdi. Veteran futbolçu yaxın günlərdə mətbuat konfransı vasitəsilə AFİAHİ-nin geniş tərkibli iclasının keçiriləcəyini də bildirdi.

  Görüş zamanı Nazim Süleymanovla yanaşı AFİAHİ-nin idarə heyətinin digər üzvləri "Neftçi" komandasının veteran futbolçuları, Səmədağa Şıxlarov, Novruz Əzimov və həkim Naib Abdulla da öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.

  Daha sonra sumqayıtlı futbol adamları yeni təşkilatın yaranmasına öz münasibətlərini bildirərək, buna çox sevindiklərini dedilər. Onlar hətta, ərkyana Nazim Süleymanova bölgələrə səfər proqramı ilə bağlı ilk öncə Sumqayıtdan başlamalıydız deyə fikir bildirdilər.

  Tədbirdə iştirak edən Sumqayıt futbol məktəbinin yetirməsi, millimizin və "Neftçi " komandasının keçmiş üzvü Kamal Quliyev də öz ürək sözlərini qonaqlarla bölüşdü. Kamal Quliyev belə bir təşkilatın yaranmasına çox sevindiyini qeyd etdi. O bildirdi ki, mən sona qədər sizin yanınızda olmağa və futbolumuzda baş verən neqativ hallara qarşı mübarizə aparmağa hazıram. Hazırda futboldan kənar qalan veteran futbolçu AFFA əleyhinə sərt çıxışları ilə yadda qaldı. Kamal Quliyev:  "Futbolumuzda baş verən özbaşınalıqlardan hamı xəbərdardır. Mən də bu özbaşınalıqların qurbanı olanlardan biriyəm. Bu gün uşaq futboluna kim nəzarət edir? Uşaq futbolu marketinq sahəsi deyil. Hər sənətin öz mütəxəssisi var. Bu gün AFFA-da çalışan ixtisasca futboldan kənar adamlar yetərincədir. Onlardan da çox futbol mütəxəssisləri işsizdilər. Lazım gələrsə, həm AFFA nümayəndələri ilə, həm də futbolumuzu bu günə qoyanlarla istənilən yerdə , istənilən mövzuda debat etməyə hazıram".

  Qeyd edək ki, tədbirdə Sumqayıt futbol ictimaiyyətinin məşhur simalarından sayılan İsabala Əliyev də iştirak edirdi. İsabala Əliyev də həmkarlar ittifaqının yaranmasının vacibliyindən danışdı və bunun başında Nazim Süleymanovun olmasına çox sevindiyini bildirdi: "Nazim Süleymanov kimi futbol mütəxəssisləri kənarda qalmamalıdır. Sumqayıt Nazim Süleymanov kimi dünya səviyyəli futbolçu yetişdirib. Sumqayıt Azərbaycanda ən yaxşı futbol məktəblərindən biri olub. Sumqayıtın zəngin futbol ənənələri vardır. Bu ənənəni davam etdirmək lazımdır və sizin təşkilata da bu yolda uğurlar arzulayıram".

  Sumqayıt futbol məktəbinin yetirməsi Nazim Süleymanov da öz növbəsində xoş sözlərə görə İsabala Əliyevə minnətdarlıq etdi və bildirdi ki, mən futbola ilk addımlarımı İsabala müəllimin yanında atmışam. Onun yanında yeri gəlsə top da daşımışam. Daha sonra Nazim müəllim bir vaxtlar şərəfini qoruduğu "Spartak Alaniya" formasını keçmiş müəllimi İsabala Əliyevə hədiyyə etdi.

Qeyd edək ki, qonaqlar arasında futbola böyük maraq göstərənlərdən biri Sumqayıt sakini, sərbəst güləş üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, pəhləvan güləşi üzrə Avropa çempionu Tural Əliyev də yer almışdı. Tural Əliyev də öz ürək sözlərini bildirərək dedi:  "Ölkəmizdə nəinki futbolda, digər idman növlərində də legioner limitini azaltmaq lazımdır. Yeni yaranmış həmkarlar ittifaqının gələcəkdə indiki gənc nəslin daha çox işinə yarıyacağına inanıram. İndiki idmançılar biləcək ki, gələcəkdə onların haqq və hüquqlarını qoruyacaq bir təşkilat var". 

Xatırladaq ki, çıxış edənlərdən idman yazarı Anar Xanlarov da öz ürək sözlərini söyləyərək AFİAHİ-nin yeni üzvü olduğu üçün məmnun olduğunu bildirdi.

Beləliklə, tədbir AFİAHİ-yə yeni üzvlərin ərizə ilə müraciətindən sonra başa çatdı.


Digər xəbərlər