Rəsul Çunayev medal ehtiyatımızı artırdı

  Bölmə: Olimpiya Növləri | 6779 | 00:07 17-08-2016
Rəsul Çunayev medal ehtiyatımızı artırdı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.Olimpsport.az saytının məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

 

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

 

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

 

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

 

O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4. 

 

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edir. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Rəqib isə cənubi koreyalı Hansu Ryu olub. Rəqibini 8-0 hesabı ilə məğlub edən təmsilçimiz bürünc medala sahib çıxıb.


Digər xəbərlər