N.Yurçeviç: "Qapıçı ilə bağlı isə hələ qərar verməmişik"

  Bölmə: Ölkə futbolu | 1620 | 23:46 08-09-2019
N.Yurçeviç: "Qapıçı ilə bağlı isə hələ qərar verməmişik"

 Sabah bizi böyük oyun gözləyir. Dünya çempionatının finalçısına qarşı mübarizə aparacağıq. Motivasiyamız yüksək səviyyədədir. Bu sözləri futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç sentyabrın 8-də təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis qeyd edib ki, iki gün əvvəl “Uels”lə oyunda məyusedici nəticə qazandıq. Sona 5 dəqiqə qalmış qapımızdan ikinci qolu buraxdıq. Bu seçmə mərhələdə keçirdiyimiz ən yaxşı iki oyundan biridir. Xorvatiya ilə səfər matçında da yaxşı mübarizə aparmışdıq. Oyunçularla söhbətimiz olub, onlar xorvatlarla görüşə yaxşı kökləniblər. Çətin rəqiblə qarşılaşacağıq. “Xorvatiya millisinin heyətində ulduz futbolçular çoxdur. Onları hamı tanıyır. Amma bu o demək deyil ki, şansımız yoxdur. Tək müdafiədə yox, hücumda da kompakt oynamağa, təhlükəli əks-hücumlar qurmağa, xallar qazanmağa çalışacağıq. Kiçik zədəsi olan futbolçularımız var. Heyəti onlarla söhbət etdikdən sonra quracağıq. Qapıçı ilə bağlı isə hələ qərar verməmişik. Zədəli futbolçulardan Eddi İsrafilovla bir neçə dəfə söhbətimiz olub. Məşqlərə başladığını, ancaq hələ ki maksimum 15-20 dəqiqə oynayacaq gücdə olduğunu bildirib”, deyə N.Yurçeviç əlavə edib. Bildirib ki, hər bir komandanın zəif cəhətləri var. Məsələn, Xorvatiya Slovakiya ilə ilk oyunda yaxşı çıxış etməmişdi, amma ikinci görüşdə fərqli oyun nümayiş etdirdi. Ümumiyyətlə, rəqibimiz Slovakiya ilə son matç istisna olmaqla digər matçlarda heç də yaxşı oyun nümayiş etdirməyib. Ümid edirik ki, onlar sabah da əvvəlki kimi çıxış edəcəklər və bu bizim lehimizə işləyəcək.

Millimizin üzvü Mahir Emreli deyib: “Bizi ağır oyun gözləyir. Rəqibin gücü bəllidir. Xorvatiya kimi komandaya qarşı oynamaq özü bizim üçün motivasiya olmalıdır. Doğma meydanda ən yaxşısını etməyə çalışacağıq. Bunu bacaracağımıza inanırıq. Onlarla ilk oyunda sensasiya etməyə yaxın idik. Bu dəfə niyə bunu etməyək? Əlbəttə, biz də qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Xorvatlarla səfərdəki oyunda buna yaxın idik. Keçirdiyimiz oyunlar arasında ən uğursuz qarşılaşma kimi Slovakiya ilə görüşü qeyd edərdim”.

Qeyd edək ki, Azərbaycan-Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək. Oyuna saat 20:00-da başlayacaq.


Digər xəbərlər