Azərbaycan - Xorvatiya matçı 1:1 hesabı ilə başa çatıb

  Bölmə: Ölkə futbolu | 159 | 22:22 09-09-2019
Azərbaycan - Xorvatiya matçı 1:1 hesabı ilə başa çatıb

Sentyabrın 9-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.

OLIMPSPORT  xəbər verir ki, millimiz “Bakcell Arena"da Xorvatiya yığmasını qəbul edib. Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Pavel Paşayev və Cavid Hüseynov yer alıblar.

Xorvatiya yığmasının ilk onbirliyində isə meydana Dominik Livakoviç, Borna Barişiç, İvan Perişiç, Deyan Lovren, Luka Modriç, Marselo Brozoviç, Nikola Vlasiç, Ante Rebiç, Bruno Petkoviç, Domaqoy Vida və Karlo Bartolets çıxıblar.

İsveçrədən olan hakimlər briqadasının idarə etdiyi oyunun 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb-1:0.

İkinci hissəyə Azərbaycan millisi daha fəal başlayıb. Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib. Komandaların səylərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və komandamız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb. Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.


Digər xəbərlər