Ağadadaş Ağayev: "İstəmirəm ki, futbolumuz da musiqimizin gününə düşsün"

  Bölmə: Maqazin | 762 | 10:14 12-09-2019
Ağadadaş Ağayev: "İstəmirəm ki, futbolumuz da musiqimizin gününə düşsün"

Nazim Süleymanovun həyatına nəzər saldıqda onun burdan küsüb, getdiyi vaxtı yaxşı xatırlayıram. Yeganə insanıydım ki, onu hava limanından tək yola saldım. Səhv etmirəmsə, o, əvvəlcə "Spartak" Moskvaya, daha sonra isə "Spartak" Alaniyaya getdi və onun legioner həyatında göstərdiyi oyun Azərbaycanın tarixinə yazıldı.

OLİMPSPORT xəbər verir ki, bu sözləri sentyabrın 11-də Azərbaycan Futbol İctimaiyyəti Həmkarlar İttifaqının ( AFİHİ ) təsis konfransında qonaq qismində iştirak edən xalq artisti Ağadadaş Ağayev deyib.

Fikirlərinə sərt tənqidləri ilə davam edən incəsənət xadimi bildirib: "İndiki Azərbaycan futbolunda isə vəziyyət heç də ürəkaçan deyil. Dünyada inanmıram Azərbaycandan başqa hansısa milli Lixtenşteynə məğlub olsun. Doğurdan da bu, utancverici bir şeydir. İndi Xorvatiyadan aldığımız 1 xala sevinirik. Amma cədvələ baxanda Azərbaycanı sonuncu pillədə görürük. Biz Azərbaycanı sonuncu yox, yuxarılarda görmək istəyirik. Mən ölmədən Azərbaycanı Avropa, Dünya Çempionatında görmək istəyirəm. Nəyə görə bədnam qonşularımız qrupda qələbə qazanır, biz isə yox? Adımızı sonuncu pillədə görəndə adamın qəlbi ağrıyır. Mən çıxış yolunu öz vətəndaşlarımızın, öz kişilərimizin, Nazim və onun ətrafındakı insanların futbolumuzun başında görməkdə görürəm. Bizə xorvatiyalı məşqçi lazım deyil. İstəmirəm dövlətə ödədiyim verginin 1 qəpiyini də xorvatiyalı mütəxəssisə qismət olsun. Bizə Nazim kimi məşqçilər lazımdır. Nazim canlı əfsanədir. Həm ixtisas cəhətdən, həm milli ruh, milli duyğu, milli qürur hissi cəhətindən mən öz mütəxəssislərimizi xorvatiyalı məşqçidən yüz dəfə yüksəkdə görürəm. Yoxsa, Xorvatiyadan gələn bir dənə iks adam milli komandanın ruhunu bizə verə bilməz. İstəmirəm ki, futbolumuz da musiqimizin gününə düşsün. Nə qədər ki, gec deyil buna imkan verməyək. Yoxsa, gələcək nəsil bizi bağışlamayacaq. Futbolda həmkarlar ittifaqının yaranması haqqların, hüquqların qorunması deməkdir və biz bununla dövlətimizə xidmət etməli oluruq. Bu həm də futbolda olan rəqabəti artıracaq. Necə ki, mənim yanımda yaxşı oxuyan olanda, Alim Qasımov kimi sənətkar olanda mən də çalışıram ki, onlardan da yaxşı oxuyum. Ona görə də müsbət rəqabət olmalıdır. Biz də hər yerdə, tribunada, efirdə öz iradımızı bildirməliyik. Əlbəttə ki, etik normalar çərçivəsində. Mən AFFA prezidentinə də sözümü demişəm. Niyə də deməyim? O, bizim dostumuzdur, qardaşımızdır, amma ruslar demişkən "slujba-slujba, drujba-drujba"! Mən bu işdə sizə uğurlar arzulayıram"!


Digər xəbərlər