Qurban Qurbanov : "Yazılı formada gələn həftə UEFA-ya müraciət olunacaq"

  Bölmə: Ölkə futbolu | 1045 | 00:28 05-10-2019
Qurban Qurbanov : "Yazılı formada gələn həftə UEFA-ya müraciət olunacaq"

 Oyunda hər şey istədiyimiz kimi alındı. Qələbə qazanmaq və üç xal əldə etmək üçün istəkli idik. Hər şey bizim tərəfimizdə idi. Matçda bir az gərginlik yaşandı. Buna baxmayaraq, sona kimi intizamlı oyun sərgilədik, qalib gəlmək üçün meydanda ən yaxşısını etdik.

OLİMPSPORT AZƏRTACA istinadən  xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları UEFA Avropa Liqasının ikinci tur matçından Vətənə döndükdən sonra deyib.

Təcrübəli mütəxəssis bildirib: Ötən il "Arsenal"la matçdan sonra da müraciət oldu. Dünən UEFA nümayəndələri orada idi. Şifahi şəkildə hamıya etirazlar bildirildi. Bu, elə bir təxribatdır ki, bəlkə də, UEFA məsələ ilə bağlı bizdən daha çox narahatdır. Çünki qurumun bayrağı altında keçirilən turnirdir. Onlar həmişə istəyirlər ki, oyunlarda hər şey qaydasında olsun, komandalar oyunlarını ən yüksək səviyyədə keçirsinlər. Bizim klub rəsmiləri sərt şəkildə etirazlarını bildirdi. "Düdelanj" rəhbərliyinə və UEFA nümayəndələrinə iradlar çatdırıldı. Belə halları dünya futbolunda görmüşük, rast gəlmişik. Amma hər bir halda daha diqqətli olmalı və öz işlərini düzgün qurmağa çalışmalıdırlar. Yazılı formada gələn həftə UEFA-ya müraciət olunacaq. Etirazlarımız göndəriləcək. Bununla klub rəhbərliyi məşğul olacaq".

Təcrübəli mütəxəssis Lüksemburqdakı görüşə davam etməmək ehtimalından da danışıb: "Oyunu davam etdirdik, amma UEFA nümayəndələri və "Düdelanj" rəhbərliyi qarşısında bəzi şərtlər qoyduq. Hər bir halda idman qaydalarına əməl etməliyik. Düşünürəm ki, istədiyimizi öncə tələb etdik, sonra isə əldə etdik. Oyunu davam etdirə bildik".

Qurbanov son dəqiqələrdə hücumçu Maqeye Qeyeni oyuna buraxmasına da aydınlıq gətirib: "Bizim belə prinsipimiz var. Görüş boyu nizam-intizamı qoruyub saxlamaq çox çətindir. İlk dəqiqələrdə oyunçulardan nələri tələb ediriksə, sonradan meydana çıxanlar da bunları etməlidir. Durumu daha da yaxşılaşdırmağa çalışmalıdırlar. Bu, bəzən alınır. Məni sevindirən odur ki, oyunçular bunu dərk edirlər. Bacardığımız qədər hücum etmək və qol vurmaq istəyirik. Əlbəttə ki, qol buraxmamaq şərti ilə. Hər an qol da buraxa bilərik. Amma idman prinsiplərinə hər zaman əməl etməliyik. Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirməyə çalışıram. Qələbə qazandığımız üçün çox sevinirik. Komandaya və azarkeşlərə təşəkkürümü bildirirəm”.


Digər xəbərlər