Nazim Süleymanov və onun "səngər yoldaşları" yola əliyalın çıxıblar-YAZI

  Bölmə: Ölkə futbolu | 920 | 13:15 12-10-2019
Nazim Süleymanov və onun "səngər yoldaşları" yola əliyalın çıxıblar-YAZI

AFFA-nın baş katibi Elxan Məmmədov "Kəpəz”də baş verən yeyintini ört-basdır etməyə çalışanda belə bir ifadə işlətmişdi: "Biz çox şəffaf işləyirik. İşlərimiz o qədər şəffafdı ki, bəzən bu şəffaflıq bizə problem yaradır”.

Əlimizi əlimizə vurub xeyli gülmüşdük. Elxan Məmmədov və onun de-fakto rəhbərlik etdiyi AFFA Azərbaycan futbolu üzərində böyük bir inhisar qurub. Ən xırda bir məsələ belə bu inhisarın nəzarətindədi. Söhbət heç klubların elitaya və ya diviziona buraxılmasından, yaxud da milli komandaya hansı futbolçuların dəvət olunmasından da getmir. Bunlar böyük məsələlər, milyonluq söhbətlərdi. Belə məsələlərə nəzarət çoxdan baş katibin əlindədi. Hazırda elitanın əksər klublarına formaların alınması, stadionlara təbii və süni örtüklərin salınması, eləcə də onlara qulluq işləri məhz baş katibin nəzarəti altında həyata keçirilir.

Premyer-liqanın yayın hüququ da onun əlindədi, 3-4 il əvvəl yalançı tender oyunu keçirildi. Amma hər kəsə məlum idi ki, elan olunan tender gözə kül üfürmək üçün təşkil olunmuşdu.

Məmmədovun nəzarəti ilə "CBC Sport” yaradıldı və çempionatın yayını ilə yanaşı, klublarımızın avrokubok qarşılaşmaları, millimizin oyunları bu kanala peşkəş edildi. Yayda kimin hünəri var avrokubok oyunlarının yayın hüququnu "CBC Sport”a verməsin? Bilirlər ki, belə bir səhvə yol versələr, cənab Məmmədovu qəzəbləndirəcəklər. "CBC Sport” da, Volkan abi də onlardan küsəcək. Beləcə mövsüm boyunca onlara qarşı bu küskünlük davam edəcək. "Qara siyahı”ya düşməmək üçün avrokuboklardakı qarşılaşmaların yayın hüququnu da bu kanala peşkəş edirlər. Daha fikirləşən yoxdu ki, təkcə bölgələrdə yox, elə Bakının özündə də günü bu gün "CBC Sport”a baxmaq xeyli çətindi. Klublara çatası 700 min manatlıq yayın pulunun adını xeyli vaxtdı tutan yoxdu. Heç elə bil belə bir söhbət də olmayıb. Ara-sıra özümüz xatırlayırıq, klub nümayəndələri "CBC Sport”dan pulunuzu nə vaxt alacaqsız” sualını eşidəndə diksinirlər. Sanki onlardan klubun büdcəsi, yaxud da transfer siyasətiylə bağlı gizli nəsə soruşursan. İş o yerə gəlib çatıb ki, Klublar Komitəsinin iclaslarında hər cür mənasız məsələlər müzakirə edilir, amma 700 min manat heç kimin yadına düşmür. Pul bir tərəfə, sonuncu dəfə "CBC Sport” ekranlarından nə vaxt birinci divizionun oyunlarının, aşağı yaş qrupları üzrə çempionatın qarşılaşmalarının göstərildiyini xatırlayan yoxdu. Amma vaxt var idi ki, elə baş katib Elxan Məmmədovun özü şəxsən söz vermişdi ki, yeni yaradılan idman kanalı Azərbaycan futbolunun təbliği yolunda gecə-gündüz demədən çalışacaq, uşaq futbolu ekranlardan çəkilməyəcək. Məlum qruplaşmanın Azərbaycan futbolunun üzərindəki nəzarəti təkcə bunlarla bitmir.

Xəqani Məmmədovun Hakimlər Komitəsinin rəhbərliyindən uzaqlaşdırılması, Frits Stuxlikin ölkəmizə dəvət olunmasıyla "ədalət keşikçiləri” də bilavasitə onların nəzarətinə keçib. Hakimlərin yayda və qışda ölkə xaricində keçirdikləri təlim-məşq toplanışları tarixin yaddaşına qovuşdu. Kimə lazımdı hakimlərin səviyyəsinin yüksəlməsi, onların beynəlxalq oyun təcrübəsi qazanması? Önəmli olan fit sahiblərini nəzarətdə saxlamaqdı ki, bunu da AFFA-nın başbilənləri Fritsin əliylə bacardılar. Frits dilsiz-ağılsız fiqur kimi yerində oturub, maaşını alır. Nəzarəti isə onun əvəzindən başqaları həyata keçirir. Əlbəttə, Elxan bəyə sərf edən şəkildi. Artıq təkcə hakimlər, meydançalar, klublar, milli komandalar, "boz bina”da oturan kadrlar yox, çempionat oyunlarında istifadə olunan toplar belə onların nəzarətindədi. Əvvəllər PFL ölkəyə top gətirir, onu klublara paylayırdı. Son iki ildə "top biznesi” də baş katibin sevimli məşğuliyyətlərindən, gəlir gətirən sahələrdən biridi. Nə meydançanın dili var, nə də topun. Onlar dil açıb, bu inhisara etiraz edə bilməzdilər. Heç futbolçularla hakimlərin də susqunluğu pozacağı, nəyəsə etiraz edəcəyi gözlənilən deyil. Bir halda ki, o boyda klub rəhbərləri ağızlarını açıb, "CBC Sport”dan (dolayısı ilə elə AFFA-dan) 700 min manatı tələb edə bilmirlər, bir tikə çörək pulu uğrunda ora-bura qaçan futbolçularla hakimlərdən nə gözləmək olar?!

Futbol veteranlarını da illərdi elə bu qorxuyla nəzarətdə saxlayırdılar. Sabiq futbolçular təqaüd, yaxud da hardasa işləmək ümidi ilə ağızlarına su alıb susur, AFFA-nın futbolumuzun başına açdığı oyunları sakitlcə izləyirdilər. Artıq sükut pozulub. Veteranlarımız itirəcək nəyinsə olmadığını, irəlidə nə özlərini, nə də futbolumuzu yaxşı nəyinsə gözləmədiyini başa düşüblər.

Nazim Süleymanovun rəhbərliyi ilə başladılan bu hərəkat indilik Həmkarlar İttifaqı səviyyəsindədi. İllərdi futbolu şahmat kimi idarə edən Məmmədova qarşı mübarizə aparmaq heç də asan deyil. Adamın əlində "topu-tüfəngi”, onun barmaq işarəsiylə qarşısındakına hücum etməyə hazır dayanan kadrları, sifarişlə işləyən mətbuatı da var.

Nazim Süleymanov və onun "səngər yoldaşları” yola əliyalın çıxıblar. Səhvləri də olacaq, yenilgiləri də. Əsas olan mübarizənin başlamasıdı. İlkin nəticələr də var. Artıq AFFA kənarda qalan veteranları susdurmaq üçün onlara yağlı vədlər verməyə, yeni vəzifələr icad etməyə başlayıb. Dağdan ağır Yunis Hüseynovun Bernard Lippertə köməkçi təyin olunması da bu planın tərkib hissəsidi. İllərdi yeyib-yatan, bizim pulumuzu sümürən Lippert hansı işi görür ki, Yunis bəy də ona kömək edəcək? Lippertə köməkçi lazım olduğu AFFA-nın yadına niyə indi düşdü? Cavabı məlum olan suallardı. Əsas odu ki, Hüseynova iş tapılıb. Biz də Lippertin ətrafında sıx birləşək. Ura!

Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov


Digər xəbərlər