Elxan Məmmədovu artıq "Qarabağ"da xilas edə bilmir - YAZI

  Bölmə: Ölkə futbolu | 334 | 17:22 29-11-2019
Elxan Məmmədovu artıq "Qarabağ"da xilas edə bilmir - YAZI

Azərbaycan futbolu yerində saymağa davam edir. Daha bir uğursuz "gedişat" daşa dəydi. 9- cu dəfədir ki, payız nağılını oxuyub, qurtarıb, qış nağılına keçə bilmirik ki, bilmirik.


Ölkəmizi indiyə qədər UEFA Avropa Liqasının qrup mərhələsində “Neftçi” (bir), “Qəbələ” (iki) ,“Qarabağ” isə (beş) dəfə təmsil edib. “Qarabağ” ın bir dəfə də Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmasını da nəzərə alsaq, klublarımız 9-cu dəfədir ki, Avrokubok turnirlərində qrupdan çıxa bilmir. “Neftçi” və “Qəbələ” geriyə addım atıbsa, “Qarabağ” nə irəliyə, nə də ki, geriyə addımlayır. Ağdam təmsilçisinin halı sanki sinifdə qalan şagirdə bənzəyir. Bu mövsüm artıq tilsimin qırılacağını futbol ictimaiyyətinin əksəriyyəti proqnozlaşdırsa da buna “Sevilya” imkan vermədi.

“Qarabağ” üzərində tarix yazan 18 yaşlı Brayn və qələbə ilə doğum gününü qeyd edən Dabburun körpəsi


“Qarabağ” İspaniyaya ən azı 1 xal almaq üçün getmişdi. Buna həm komanda, həm də azarkeşlər inanırdı. Əsas ümid “Sevilya” nın artıq qrupdan çıxmasını təmin etməsi ilə bağlı “Barselona”ya, ”Real”a qarşı göstərdiyi əzmkar oyunu oynamayacağına idi. Eyni zamanda rəqibin baş məşqçisi Xulen Lopeteginin gənc futbolçularını təcrübədən keçirəcəyi də bizim üçün üstünlük ola bilərdi. Belə də oldu. Amma təəssüflər olsun ki, bu üstünlüklərdən istifadə edə bilmədik. Aşağı tempdə keçən birinci hissə sanki hər iki komandanı qane edirmiş kimi hiss olunurdu. Niyə də etməməliydi ? Səfərdə 1 xal qazanıb, evdə “Düdelanj”ı məğlub etmək demək olar ki, qrupdan çıxmaq sayılardı. “Sevilya” üçün isə dinamik oyun göstərib, zədə riski ilə, yorğunçuluqla, oyunçu cəzası ilə qarşılaşmaqdansa, daxili çempionata gücünü saxlamaq daha vacib hesab oluna bilərdi. İkinci hissədə 18 yaşlı rəqib oyunçu Braynın ilk dəfə Avrokuboklarda debüt edib, meydana daxil olması da bizim istəyimizə uyğun idi. Amma təcrübəsiz kimi qəbul etdiyimiz Brayn sanki əsas heyətə düşməyi özünə fürsət bilərək, oyunun sürətini artırdı və gözləmədiyimiz halda qol vurub hesabı açdı. Maraqlıdır ki, 2001-ci il təvəllüdlü Brayn Avrokubok karyerasının ilk qolunu “Qarabağ” ın qapısından keçirməklə tarix yazdı. Bu qoldan sonra isə açıq mübarizə başladı. Qurban Qurbanov etdiyi dəyişikliklərlə hücumu gücləndirsə də, istəyinə nail ola bilmədi və əvəzində əsas vaxta əlavə olunmuş dəqiqələrdə ikinci topu komandamız qapısında gördü. Qolun müəllifi Munas Dabbur vurduğu qolu yeni doğulmuş körpəsinə hədiyyə etdi. Beləcə ağdamlıların qrupa düşüb və çıxmaq ümidi yenidən növbəti mövsümə qaldı. Yenə də başlayıb- eybi yox, əsas odur, bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, kimi ifadələr işlədib, özümüzə təsəlli verəcəyik. Hətta Dabburun körpəsi də böyüyəndə bunu biləcək deyib təsəlli tapmaq olar. Çünki o həmişə ad gününü “Qarabağ” üzərində qələbə ilə eyni gündə qeyd edəcək.

Baş katib yeni "kozır" axtarışında


Bununla da “Qarabağ”ı klub futbolumuzun inkişafı kimi tez-tez gözə soxan qüvvələrin də deməyə sözü qalmadı daha. Hələ yaxşı ki, klublarımız yığma komandalarımız kimi daşı Azərbaycan futbolunun başına vurub, bizi 24 illik yaralamayırlar. Amma belə getsə, deyəsən, klublar da Azərbaycan futbolunun başına daş qoyacaq. Əslində, bu proses çoxdan gedir. Sadəcə qara günlərə qalmış klub futbolumuzun üzünün bir tərəfini ağ edən “Qarabağ” bu prosesi neçə ildir ki, əngəlləyir. Futbolumuzun tək ümid yeri “Qarabağ” da artıq tükənib, yavaş-yavaş əldən düşür. Bu tükənmək təkcə “Qarabağ” ın iradəsindən asılı deyil. Əslində ən böyük daşı Azərbaycan futbolunun başına 8 komandalı rəqabətsiz çempionatla salan AFFA-da “Qarabağ” ın tükənməsinə səbəb olub. Baxmayaraq ki, dünən “Sevilya” ya məğlub olub, qrupda mübarizəni dayandıran Ağdam təmsilçisinin aqibəti bəlkə də hamıdan çox AFFA-nın baş katibi Elxan Məmmədovu pərişan edib. Ona görə yox ki, o, futbolumuzun və Qurban Qurbanovun halına acıyır. Ona görə ki, “Qarabağ” qrupdan çıxsaydı, bu tarixi uğur Elxan Məmmədovun idarəçilik dövrünə təsadüf edəcəkdi və son vaxtlar futbol camiyəsinin qəzəbinə tuş gələn baş katib bu uğuru əlində bayraq edib, laxlayan kreslosuna bərkidəcəkdi. Necə ki, ilk dəfə Azərbaycan futbolu tarixində UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi” nin uğuru da Elxan Məmmədovun idarəçilik dövrünə təsadüf etmişdi. Elə o vaxtdan indiyə qədər qrupa düşməyi əlində kozır edən Elxan bəyin daha əlində kozırı da qalmayıb. Bəlkə də baş katib yeni kozır axtarışındadır. Artıq Elxan Məmmədovu "Qarabağ" da xilas edə bilmir.

“Qarabağ”a “paz” olan APOEL


Bir vaxtlar Azərbaycan futbolu tarixində ilk dəfə “Neftçi” Avropa Liqasının qrup mərhələsinə adlayanda bəlkə də heç kim sevincindən qrupdan çıxmağı ağlına gətirmirdi. Hətta, səfərdə heç nəyi həll etməyən “İnter” lə heç-heçə qrupdan çıxmağa bərabər hesab olunurdu. Sonrakı mövsümlərdə bu ənənəyə “Qarabağ” və “Qəbələ” klubları da qoşuldu. Yavaş-yavaş azarkeşlər qrupdan çıxmaq arzusu ilə yaşamağa başladılar. Artıq rəqibin kimliyi də azarkeşlər üçün o qədər maraqlı deyildi. Çünki Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb və “Atletiko Madrid” kimi nəhəng klubdan hər iki görüşdə xal alan “Qarabağ” ın bu gün Avropanın sonuncu ortabab klubları siyahısında olan, tez tez baş məşqçi dəyişən, azarkeşləri tərəfindən boykot edilən “APOEL” kimi klubla mübarizədə qrupdan çıxa bilməməsi artıq azarkeşlər tərəfindən həzm olunmur. Özü də “APOEL” bu mövsüm iki dəfə bizə “paz” oldu. Əvvəlcə Çempionlar Liqasının 3-cü mərhələsində “Qarabağ” ı mübarizədən uzaqlaşdıran kiprlilər Avropa Liqası turnirində “Qarabağ” la eyni qrupda yer alanda çoxları sevinmişdi ki, həm bizə uyğun rəqibdir, həm də qisasımızı alarıq. Təəssüflər olsun ki, bu dəfə “APOEL” mübarizəni biraz da asan şəkildə heç son tura saxlamadan uddu.

Sadiq azarkeşlər və boş tribunalar


“Qarabağ” qrupun sonuncu oyununu Bakıda “Düdelanj” la keçirəcək. İndidən bu görüşün əksəri boş qalmış tribunalar önündə baş tutacağını demək olar. Bax əsl “Qarabağ” a sadiq azarkeşlər bu matçda üzə çıxacaq. Bu matç qrup üçün heç bir əhəmiyyət daşımasa da reytinq və imic baxımından “Qarabağ” üçün vacib oyun hesab olunmalıdır. Nəyin bahasına olursa, olsun, “Qarabağ” bu görüşdə məğlub olmamalıdır. Əks-halda cırtdan ölkə təmsilçisi bizi qrup sonuncusu edə bilər. Bu isə Azərbaycan futbolu üçün növbəti utancverici nəticə ola bilər.

Mərkəzdə düşərgə salmış "Qarabağ"


Hələ indiyə qədər Avrokubok turnirlərində klublarımız üçün belə asan qrup olmamışdı. “Qarabağ” əvvəlki güclü qrup mərhələlərində daha baxımlı və sistemli oyun nümayiş etdirirdisə, son qrup mərhələsində bunun əksini gördük. 5 oyunun hamısında qapısında qol görən Qurban Qurbanovun güvəndiyi müdafiədə ciddi intizamsızlığın olduğu qədər hücumunda da vuran ayağın olmaması "köhlən atlar"ı bundan irəliyə apara bilməzdi. Ağdam təmsilçisinin oyun sistemində nisbətən stabillik mərkəz xəttində qalıb ki, bu da illərlə bir yerdə oynamış Ricard Almeyda, Qara Qarayev, Miçel kimi futbolçuların bir-birini daha rahat anlamasından və təcrübələrindən irəli gəlir. Amma bu günkü nəticə onu göstərir ki, qələbə və nəticə üçün təkcə top saxlamaq kifayət etmir. Necə deyərlər, “qol vurmaq lazımdır, qol”.

Çempionat oyunlarında “Qarabağ” ın oyun sisteminin uğurlu nəticəsi danılmazdır. Buna heç sistemin uğuru da demək olmaz. "Qarabağ" hazırkı heyəti ilə sabahı bəlli olmayan "Qəbələ" yə, hər sabahı az qala yeni baş məşqçi ilə açan "Sabah"a və ya digər qeyri-stabil oyun sərgiləyən klublarımıza qarşı küçə futbolu üslubunda da oynasa çempion olacaq. Sonra deyirlər Rəşad Sadıqov qocalıb. Problem qocalıqda deyil. Problem çempionatın səviyyəsindədir. Rəşad Sadıqov belə çempionatda 50 yaşına qədər də futbol oynaya bilər. Hətta Zaur Tağızadə də utanmasa ən azı Maykl Essyen qədər çıxıb 10-15 dəqiqə oynaya bilər. Amma söhbət topu qəbul etməyi belə bilməyən Premyer Liqanın əksər futbolçularına qarşı göstərilən oyundan yox, Abdullah Zubirin cərimə meydançasına yeriyə-yeriyə daxil olduğu AFFA-nın Azərbaycan çempionatı adı altında başına daş saldığı Bakı çempionatından yox, qış çempionluğundan yox, Avrokubokların qrupundan çıxmaqdan gedir. Eybi yox, qalsın gələn dəfə…

Ramin TƏYYAROĞLU


Digər xəbərlər