"Avro 2020"nin oyunları üçün biletlərin birbaşa satış mərhələsi artıq başlayıb

  Bölmə: Avro-2020 | 819 | 20:05 20-12-2019
"Avro 2020"nin oyunları üçün biletlərin birbaşa satış mərhələsi artıq başlayıb

Futbol üzrə “Avro 2020”nin oyunları üçün biletlərin birbaşa satış mərhələsi artıq başlayıb.

OLİMPSPORT AFFA-ya istinadla xəbər verir ki, dekabrın 20-dən “Avro-2020”nin Bakıda keçiriləcək dörd oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub. İndi azarkeşlər bilet satışı portalı (euro2020.com/bakutickets) vasitəsilə A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək üç oyunu, həmçinin dörddəbir final mərhələsinin bir qarşılaşmasına biletləri birbaşa ödəniş etməklə əldə edə bilərlər. Birbaşa satış mərhələsindən əvvəl dekabrın 4-18-də bilet satışının lotereya mərhələsi keçirilib. Lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvarın sonunadək e-mail vasitəsilə bildiriş alacaqlar və bundan sonra ödənişi həyata keçirib biletlərini əldə edə bilərlər. Bilet satışı yalnız onlayn həyata keçirilir. Müraciət edənlər özləri də daxil olmaqla hər oyuna maksimum dörd bilet ala bilərlər.

Oyunlara biletlər üç kateqoriyada təqdim edilir. Birinci kateqoriya 125, ikinci kateqoriya 75, üçüncü kateqoriya isə 30 avro dəyərində olacaq.

Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan üçüncü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək. Əvvəlcədən bəlli olduğu kimi, A qrupunun üç oyunu, həmçinin dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də İsveçrə-Türkiyə oyunu, iyulun 4-də dörddəbir mərhələsinin oyunu keçiriləcək. A qrupunda mübarizə aparacaq İtaliya milli komandasının bu mərhələdəki hər üç oyunu Roma şəhərindəki “Olimpiko” stadionunda təşkil olunacaq.


Digər xəbərlər