AFFA Həmkarlar İttifaqı (AFFA Hİ ) 2019-cu ilin son iclasını keçirib

  Bölmə: Ölkə futbolu | 1098 | 23:12 29-12-2019
AFFA Həmkarlar İttifaqı (AFFA Hİ ) 2019-cu ilin son iclasını  keçirib

AFFA Həmkarlar İttifaqı (AFFA Hİ) 2019-cu ilin son iclasını keçirib.

  OLİMPSPORT xəbər verir ki, iclasın əsas məqsədi 2019-cu ildə yaranan təşkilatın fəaliyyətini qiymətləndirmək olub.

  İclasa sədrlik edən Nazim Süleymanov bildirib ki, bizim bu il üzərimizə düşən əsas məqsəd təşkilatı yaratmaq olub ki, buna da nail olduq.  Çıxışına davam edən Nazim müəllim deyib: “Fəaliyyətimizi qənaətbəxş hesab edirəm. Qısa müddət ərzində 500-ə yaxın üzv toplaya bildik. Bundan əlavə, 5 bölgədə yerli təşkilat yaratdıq. Artıq bir neçə rayonun da futbol ictimaiyyətinin nümayəndələri bizə qoşulmaq üçün müraciət edib. Sıralarımız günü-gündən çoxalır. Təəssüflər olsun ki, AFFA hələ də bizi tanımaq istəmir. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə də məktubla müraciət etdik. Amma cavab yenə dəyişməz olaraq qaldı. Mən hələ bu cavabla bağlı geniş açıqlama vermək istəmirəm. Növbəti ilin əvvəlində biz geniş tərkiblə mətbuat konfransı keçirməyi planlaşdırırıq. Elə oradaca AFFA-nın bizə yazdığı cavab məktubunu müzakirə edib, daha sonra ölkə başçısı cənab İlham Əliyevə həm media vasitəsilə , həm də rəsmi məktubla müraciət edəcəyik. Ona görə də indidən belə şeylərə görə ili bədbin notlarla başa vurmaq istəmirik. Biz bu yola düşünüb çıxmışıq və qanun çərçivəsində də yolumuza davam edəcəyik. Qarşıdan həm yeni il, həm də həmrəylik bayramı gəlir. Mən fürsətdən istifadə edərək bu bayramlar münasibətilə AFFA Həmkarlar İttifaqı ( AFFA Hİ ) adından Azərbaycan xalqını və sizi ürəkdən təbrik edirəm".

Qeyd edək ki, ilin son tədbirində sədr Nazim Süleymanovla yanaşı Səmədağa Şıxlarov, Naib Abdulla, Samir Ələkbərov, Novruz Əzimov, Orucəli Durmuşov, Asəf Namazov, Babək Alxasov, Əfqan Həmzəyev, Əfqan Talbov, Anar Xanlarov və Ramin Allahverdiyev iştirak ediblər. 

Sonda tədbirin  iştirakçıları çay süfrəsi arxasında üzərində təşkilatın rəmzi olan tortla 2019-cu ilin son tədbirini bayram əhval-ruhiyyəsində başa vurublar.


Digər xəbərlər