Nazim Süleymanov: "Cənab İlham Əliyevin istənilən cavabı bizim üçün müsbət nəticə hesab olunacaq"

  Bölmə: Ölkə futbolu | 1210 | 21:23 24-01-2020
Nazim Süleymanov: "Cənab İlham Əliyevin istənilən cavabı bizim üçün müsbət nəticə hesab olunacaq"

 Nazim Süleymanovun tədbirini AFFA boykot edib?

Xəbər verdiyimiz kimi, yanvarın 24-də AFFA Həmkarlar İttifaqının (AFFAHİ) mətbuat konfransı keçirilməli idi.

OLİMPSPORT xəbər verir ki, əvvəlcədən tədbir üçün yer təyin olunsa da, mətbuat konfransı baş tutmayıb. Buna səbəb tədbirin keçirilməli olduğu “Altus” otelinin zalının təmirə bağlanması olub. Baxmayaraq ki, iki gün əvvəl otelə beh olaraq 50 AZN ödəniş olunmaqla zal 1 saat müddətinə kirayələnib. Tədbirin başlamasına bir neçə dəqiqə qalmış isə təşkilatçılara və media nümayəndələrinə hotelin rəhbərliyi tərəfindən zalda təmir getdiyi üçün tədbir baş tutmayacağı bildirilib. Bu hərəkət Nazim Süleymanov və onun həmkarları tərəfindən qəzəblə qarşılanıb. Hamılıqla hotelin rəhbərliyinə etiraz bildirilib. Hətta tədbirə gələn qonaqların israrı ilə həqiqətən təmir gedib-getmədiyinə tam əmin olmaq üçün zala baş çəkilib və hərşeyin yalan olduğu üzə çıxıb. Bütün bunlar media nümayəndələrinin gözü qarşısında baş verib. Artıq hamı AFFA-dan şübhələnməyə başlayıb.

Xatırladaq ki, şübhələr əbəs yerə AFFA-ya yönəlməyib. Çünki, yarandığı gündən AFFA Nazim Süleymanovun sədri olduğu təşkilatı tanımır. Bu da səbəbsiz deyil. Ona görə ki, Nazim Süleymanov və onun ətrafına toplaşanlar AFFA-nın apardığı futbol siyasətinin qurbanı olanlardır ki, onlar da bu yarıtmaz siyasətlə barışmayıb bu təşkilatı yaradıblar. AFFA isə bu təşkilatı öz əleyhinə hesab edir və onlarla əməkdaşlıq etməkdən boyun qaçırır. Bu gün yaşanan xoşagəlməz hadisə ilə bağlı Nazim Süleymanov “olimpsport.az” saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

Nazim müəllim, nə baş verib?

Baş verənlər göz qabağındadır. Deməyə söz tapmıram. Açığı, yuxumu qarışıq görmüşdüm. Səhər elə məktubu cənab İlham Əliyevə göndərmək üçün poçta gedərkən qayğılı idim. Fikirləşirdim ki, bəlkə prezidentə müraciət etməkdə bir problem olar. Sonra fikirləşdim ki, axı, bu ölkənin yiyəsi var. Adət var, ənənə var, böyük-kiçik var. Ölkə başçısı ola-ola dərdimizi kimə deyək? O, bizim başçımızdır, biz də onun əsgərləri. Həm də axı, bizim başqa bir pis niyyətimiz yoxdur ki, nədənsə çəkinək. Bir məqsədimiz var, o da Azərbaycan futboluna bir mütəxəssis kimi töfhə vermək. Sonradan ağlıma gəldi ki, birdən hotelə bizi istəməyən qüvvələr adımızı müxalifətçi qoyub, təzyiq edərlər ki, onlara tədbir keçirmələri üçün icazə vermək olmaz. Elə fikirləşdiyim də başımıza gəldi.

Sizcə, bu qabaqcadan hazırlanmış senaridir?

Bəli, mən bu gün baş verənlərə görə AFFA-dan şübhələnirəm. Tək mən yox, elə orda olan hamı.

Niyə məhz AFFA-dan?  

Çünki biz yarandığımız gündən onların yürütdüyü uğursuz futbol siyasətindən və idarəçiliyindən danışırıq. Bizim elə bu təşkilatı yaratmaqda əsas məqsədlərdən biri də Azərbaycan futbolunda baş verən özbaşınalıqlara son qoyulmasıdır. Biz həm işsiz qalan, həm hüquqları tapdalanan futbol mütəxəssisləri kimi, eyni zamanda futbolumuzun təəsübkeşiyini çəkən vicdanlı bir vətəndaş kimi Azərbaycan futbolunun bu hala düşməsinə göz yuma bilməzdik. İstəyimiz həmişə o olub ki, legioner limiti azalsın, yerli futbolçulara və mütəxəssislərə imkan daha çox yaradılsın, bölgələrdə futbol olsun, çempionatımız Bakı yox, Azərbaycan çempionatı olsun, 8 komanda yox, ən azı 12 komanda olsun, uşaq futbolu inkişaf etsin, "Avro-2020"nin seçmə mərhələsində olduğu kimi 1 xal toplayıb sonuncu yerdə olmayaq və s. Görünür ki, bizim, sizin və xalqımızın istəyini uzun illər AFFA-da oturanlar yerinə yetirmədiyi üçün eyni zamanda bizim fəaliyyətimiz bu problemləri üzə çıxartdığı onları bərk narahat edib. Ən əsası isə qeyd etdiyim və etmədiyim problemlərlə bağlı ölkə başçısına ünvanladığımız müraciət yəqin ki, AFFA-nı bərk narahat edib. Onlar yaxşı bilirlər ki, Azərbaycan idmanını yaxından izləyən və son vaxtlar ölkədə bütün sahələrdə islahatlar aparan prezident İlham Əliyev bu müraciətə reaksiya verəcək. Sözsüz ki, ölkə başçısının istənilən reaksiyası AFFA-nın ən azı məsuliyyətini artıracaq. Elə bu səbəbdən də AFFA tərəfindən tədbirimizin boykot edilməsindən şübhələnirəm.   

Ölkə başçısına etdiyiniz müraciətə verilən cavab fəaliyyətinizdə hansı dəyişikliklər edə bilər?  

- Cənab İlham Əliyevin istənilən cavabı bizim üçün müsbət nəticə hesab olunacaq. Onun bizim məktubu vaxt tapıb, oxuması və cavablandırması elə bizim üçün bir uğur olar. İnanırıq ki, dövlət başçımız bizə ən doğru yolu göstərəcək.


Digər xəbərlər