Deputatlığa namizəd dövlət himnimizi unutdu - 17 nəfər namizədin bostanına daş atdı

  Bölmə: Maqazin | 1054 | 08:45 06-02-2020
Deputatlığa namizəd dövlət himnimizi unutdu - 17 nəfər namizədin bostanına daş atdı

Fevralın 5-də 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüş keçirib.

OLİMPSPORT xəbər verir ki, 17 namizəd arasında əsas mübarizə Murad Fərzəliyevlə Razi Nurullayev arasında gedir. Düzdür, Murad Fərzəliyevin üstünlüyü açıq şəkildə hiss olunur. Baxmayaraq ki, İmişlidə və sosial şəbəkələrdə gəzən söz-söhbətlərə görə Razi Nurullayevə icra hakimiyyəti tərəfindən də dəstək verildiyi bildirilir. Elə bu gün sosial şəbəkələrdə İmişli sakinləri tərəfindən Olimpiya Kompleksində keçirilən tədbirə Razi Nurullayevi dəstəkləmək üçün xeyli sayda rayonun dövlət müəssisələrində çalışan işçilərin tədbirə məcburi gətirildiyi narazılıqla ifadə olunub. Sakinlərin dediyinə görə, iş günü olmasına baxmayaraq, tədbirdə təhsil,səhiyyə və digər qurumların rəhbər və işçi heyəti iştirak edib.

Murad Fərzəliyev və Razi Nurullayevin tədbirində səviyyə fərqi 

-Razi Nurullayev Murad Fərzəliyevdən fərqli olaraq idman kompleksinə bir neçə nəfərin müşayiəti altında böyük coşqu ilə “Razi bəy” sədaları altında daxil olub. Süni şəkildə yaradılmış bu görüntü daha çox rinqə çıxan döyüşçü obrazını göz önünə gətirib. Kim bilir, bəlkə də Razi bəy idman arenasında özünü döyüşçü kimi hiss etmək istəyib. Həqiqətən də bu seçki rəqabəti həm də bir mübarizədir. Amma seçicilərlə görüşə ehtiyatlı şəkildə mühafizə səddi ilə gəlmək sağlam mübarizədən, döyüşməkdən çox qorxaqlıqdan xəbər verir.

 -Razi bəy seçicilərini zalda gözlətdikdən sonra zala daxil oldu. Tədbir başa çatdıqdan sonra isə hamıdan gec gəldiyi kimi, hamıdan tez arenanı tərk etdi. Murad Fərzəliyev isə Olimpiya Kompleksinə tədbirə 1 saat qabaq hamıdan əvvəl gəldi və hamıdan sonda getdi.

-Murad Fərzəliyevdən fərqli olaraq Razi Nurullayevin tədbirində zalda boş yerlər var idi.  Baxmayaraq ki, Razi bəyin tədbiri günü Murad Fərzəliyevin tədbiri günündəki kimi aramsız yağış yağmırdı. Ən əsası da onun tədbirinə Murad Fərzəliyevdən fərqli olaraq əksər insanlar könüllü gəlməmişdilər. Əksinə olaraq sosial şəbəkələrdə sakinlərin dediyi kimi rayon icra hakimiyyəti tərəfindən tədbirə məcburi insanlar göndərilmişdi.

-Razi bəyin bəlkə də təbliğat, təşviqat kampaniyası çərçivəsində Murad Fərzəliyevə nakautla məğlub olduğu döyüş və yol verdiyi ən böyük səhv dövlət himnimizi səsləndirməyi unutması oldu. Yüzlərlə seçici qarşısında dövlət himnimizin əvəzinə tədbirin əvvəlində oyun havaları səsləndi. Yəqin rinqin həyacanından qorxuya düşən döyüşçü bildiyini itirdiyi kimi Razi bəy də özünü itirmişdi. Və yaxud da dövlət himninin səslənməsi Razi bəy üçün əhəmiyyətli olmayıb.  Kim bilir bəlkə də onun məqsədi oyun havası altında zala daxil olmaqla özünün şüarının daha əhəmiyyətli olduğunu düşünərək camaatın üzünü güldürmək olub. Amma işdən yorğun məcburi gətirilmiş camaat gülməyib ki, gülməyib. Bunu özü də çıxışında etiraf edib ki, nə sizin ,nə mənim üzüm gülür. Axı necə gülsünlər? Gərək insan oynayanda da, güləndə də öz havasına oynasın, gülsün, yoxsa, başqasının sifarişi ilə yox. Ona görə bəzən toyda da dava düşür. Elə burada da dava düşdü. Tədbirə məcburi gətirilən dövlət işçiləri ilə digər namizədlərin seçiciləri arasında idman kompleksinin ərazisində söz davası düşdü.

- Razi Nurullayev çıxışına tənqidlə başlayıb. O yoluna rəqibləri tərəfindən təkər fırladıldğını bildirib. Razi bəy emosional çıxışı ilə diqqət çəkib. Adətən insan dediyi fikirlərin yalan olduğunu, öz dediyinə özü inanmayanda ,suçlu olanda səsini biraz möhkəmdən çıxarır. Amma insafən Murad Fərzəliyevə nisbətən özünü haqq tərəfdarı sayan Nurullayev Allahdan, "Quran"dan daha çox danışdı. Açığı bir müsəlman olaraq "Quran"dan söylədiyi ayələr çox xoşuma gəldi. Hətta, ağladı da. Ümid edək ki, O bəzi  yalançı, rovzəxan İran mollalarından fərqli olaraq ürəkdən ağladı.

-Açığı, bu yazını yazmayacaqdım. Mənim Razi Nurullayevə qarşı heç bir pis niyyətim də olmayıb. Əksinə, bu insanın üzündə sanki bir məzlumluq hiss edirəm və ona bir yandan yazığım gəlir. Yazığım gəlir ona görə ki, 9 fevralda bu adamı camaat parlamentə deputat seçməsə, qoyduğu sərmayə batacaq. Yazını yazmaq fikrinə ona görə gəldim ki, o bizim həmkarımız Murad Fərzəliyevin də içərisində olduğu 17 nəfər deputatlığa namizədin bostanına daş atıb. O çıxışında vaxtilə onun anasının qəbrini söyənlərin həmin 17 nəfərin içində olduğunu bildirib və dolayısı ilə 17 nəfərin içərisində mənəviyyatsız adamların olduğunu da qeyd edib. Konkret ad çəkmədiyinə görə bu ifadə 17 nəfərin hər birinə aid olduğunu düşünərək şəxsən mən ən azından öz dəyərli həmkarım Murad Fərzəliyevi müdafiə edərək bildirməliyəm ki, Murad Fərzəliyev heç vaxt nəinki Razi Nurullayevə qarşı, heç bir insanın qarşısına nə təkər fırladan olub, nə də ki, mərdiməzar olub.  Mən 17 nəfər namizədin yerinə olsaydım Razi Nurullayevin onların ünvanına qarşı haqsız, yersiz ifadələr işlətdiyinə görə ondan ictimai qaydada üzr istəməyi tələb edərdim.  Və yaxud da əgər Razi bəy dediyi kimi belə cəsarətlidirsə, konkret ad çəkməyi tələb edərdim.

-Məclisin fatihəsini Razi bəyin xahişi ilə Çaxırlı kəndindən olan seçici verdi. Razi Nurullayevin fəxr hissi ilə internetdə yarım milyon izləyicisi kimi təqdim etdiyi Çaxırlı sakininin duası başa çatmamış camaatın yarısı artıq zalı tərk etmişdi. Maraqlıdır,görəsən yarım milyon izləyicisi olan adam bu qədərmi maraqsız oldu onun çıxışını dinləmədən camaat zalı yarımçıq tərk etdi. Murad Fərzəliyevin tədbirində isə tədbir tam başa çatdıqdan sonra seçicilər zalı tərk etdilər.

-Tədbir başa çatdıqdan sonra Razi bəy Murad Fərzəliyev kimi sağollaşmaq üçün seçicilərin ayağına yox, seçiciləri öz ayağına gətirdi. Daha sonra Razi bəy məşhur türk serialında Polad Ələmdar obrazını canlandıran vəziyyətdə mühafizəçilərin seçicilərə “yolu açın” əmiri ilə arenanı tərk etdi. Seçici bu qədərmi təhlükəli oldu onlara yolu açın əmri verildi? 

Nə deyirik, yolunuz açıq olsun Razi bəy! Üzünüz gülsün Razi bəy!

 

FB_IMG_1580961327827

 

Ramin TƏYYAROĞLU 


Digər xəbərlər