Avropada 2-ci olan sərbəst güləş yığmamız vətənə qızıl medalsız qayıdır

  Bölmə: Güləş | 1758 | 01:28 17-02-2020
Avropada 2-ci olan sərbəst güləş yığmamız vətənə qızıl medalsız qayıdır

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.

OLİMPSPORT xəbər verir ki, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb. Yığmamız qitə birinciliyində 5 medal qazanıb.

Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.

Bu nəticəylə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk "3-lüy"ü 95 xal yığan Gürcüstan qapayıb.

Qeyd edək ki, komanda hesabında sərbəst güləş yığmamız Avropada 2-ci olmasına baxmayaraq, yarışı qızıl medalsız başa vurub. Bu o deməkdir ki, Zəlimxan Hüseynovun baş məşqçisi olduğu komandada fərdi  nəticələr elə də ürək açan deyil. 10 çəkidən birində Azərbaycan himninin səslənməməsi hər halda bunu deməyə əsas verir.

Yer tutmuş pəhləvanlarımızın uğuruna kölgə də salmaq olmaz.Millimizin veteranları hesab edilən Cəbrayıl Həsənovun və Ağahüseyn Mustafayevin növbəti dəfə qitə çempionatından medalla dönmələri alqışa layiqdir.

Əli Rəhimzadənin də debütünü uğurlu hesab etmək olar. Amma görünür gənc pəhləvanın təcrübəsi və ustalıq səviyyəsi hələ Hacı Əliyevi əvəzləmək gücündə deyil. Böyük ehtimalla Tokio -2020 Olimpiya Oyunlarına lisenziya yarışlarına üç qat dünya çempionu Hacı Əliyev yollanacaq.

Camaləddin Məhəmmədovun bürünc medalı komanda hesabı nəticədən başqa o qədər də ümidverici olmadı. Bu potensialla ən ağır çəkili pəhləvanımız üçün Olimpiya lisenziyalı yarışlar çox ağır olacaq.

Qeyri Olimpiya çəkisində 3-cü olan Aslanbek Alborovun nəticəsi isə daha çox statistik nəticə kimi yadda qaldı.  

Qalan 5 çəkidə (57,61,74,86,97kq) iştirak edən idmançılarımızın ümumiyyətlə Romadan əliboş qayıtması qəbul edilməzdir. Buna görə Zəlimxan Hüseynovdan baş məşqçi kimi ciddi hesabat tələb etmək olar. 

Nəzərə alsaq ki,  bu çəkilərdən 57 və 86 kq çəki dərəcələrində bizə olimpiadaya lisenziya qazana biləcək gücündə olan idmançılar lazımdır, artıq Federasiya rəhbərliyi də indidən məşqçilər və idmançılar qarşısında həyacan təbili çalmalıdır. Çünki, artıq gələn ay Macarıstanın paytaxtı Budapeştdə Olimpiya vəsiqəsi uğrunda amansız mübarizə gedəcək.


Digər xəbərlər