UEFA Çempionlar Liqası: " Yuventus" və "Real Madrid" gözlənilməz nəticə göstərib

  Bölmə: Xarici futbol | 927 | 07:24 27-02-2020
UEFA Çempionlar Liqası: " Yuventus" və "Real Madrid" gözlənilməz nəticə göstərib

Fevralın 26-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

OLİMPSPORT  xəbər verir ki, Fransanın “Lion” klubu İtaliyanın “Yuventus” komandasını qəbul edib. “Groupama” stadionunda keçirilən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb (1:0). Oyunun 31-ci dəqiqəsində fransızların yarımmüdafiəçisi Lukas Tousart fərqlənib.

Günün digər maraq doğuran oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə “Real Madrid”in qonağı olub. Birinci hissədə rəqiblər bir neçə təhlükəli vəziyyət yaratsa da hesab açılmayıb. Fasilədən sonra matçın 60-cı dəqiqəsində Madrid təmsilçisi hesabı açıb. İsko braziliyalı Vinisiusun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Buraxılan qoldan sonra hücuma atılan qonaqlar beş dəqiqə ərzində “Real Madrid” klubunun qapısından iki qol vurub. Əvvəlcə Qabriel Jesus sonra isə Kevin de Brüyne fərqləniblər.

Oyunun 85-ci dəqiqəsində baş hakim Daniel Orsato Serxio Ramosa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Bu komandalar arasındakı cavab görüşü martın 17-də keçiriləcək.


Digər xəbərlər