İdman Nazirlərinin daimi Şurasının 2-ci iclası keçirilib

  Bölmə: Maqazin | 1139 | 20:20 27-02-2020
İdman Nazirlərinin daimi Şurasının 2-ci iclası keçirilib

İdman Nazirlərinin daimi Şurasının 2-ci iclası keçirilib.

OLİMPSPORT  xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov İƏT Gənclər Forumunun ilk iclasının 15 il əvvəl Azərbaycanda keçirildiyini xatırladıb. A.Rəhimov iclasın inklüziv, açıq və müxtəlif cəmiyyətləri təşviq etmək baxımından gənclərin rolunu və potensialını bir daha təsdiq etdiyini bildirib.

Nazir Azərbaycanda həyata keçirilən gənclər siyasətinin dünyada uğurlu modellərdən biri kimi qəbul olunduğunu vurğulayıb. Azərbaycanın Gənclər və İdman Nazirliyinin İƏT regionunda gənclərin inkişafına yönəlmiş layihə və proqramlarda fəal iştirak etdiyini deyən A.Rəhimov 2018-2019-cu illərdə İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu bildirib.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunmasını vurğulayan nazir Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Gənclər Forumu və İƏGF-in Avrasiya Regional Mərkəzi ilə birgə təşkil etdiyi iki günlük iclasın əhəmiyyətindən danışıb. O, tədbirin Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan olunması çərçivəsində keçirildiyini qeyd edib.

A.Rəhimov iclasın əsas məqsədinin Daimi Şuranın əvvəlki iclaslarının hesabatlarının dinlənilməsindən və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair perspektivlərin müzakirəsindən ibarət olduğunu bildirib. İclas çıxışlarla davam edib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin daimi Şurasında Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Fələstin, İraq, İran və Seneqalın Gənclər və İdman nazirləri, həmçinin İƏT Gənclər Forumu və İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərləri təmsil olunur.


Digər xəbərlər