"Sınıq körpü" müvəqqəti olaraq bərpa edilir

  Bölmə: Ölkə futbolu | 536 | 13:21 11-03-2020
"Sınıq körpü" müvəqqəti olaraq bərpa edilir

Artıq xeyli müddətdir ki, futbol üzrə milli komandamız baş məşqçisiz qalıb. Millətlər Liqasının püşkatma mərasimi də baş tutdu. Hazırda milli ilə yaxından tanış olmaq, rəqibləri incələmək, qrup mərhələsini adlamaq uğrunda işlər görülməli bir vaxtda AFFA hələ də baş məşqçi axtarışındadır.

Niyə məhz Rəşad Sadıqov? 

Mətbuatda və sosial şəbəkələrdə gəzən söz-söhbətlərə görə bu posta hazırda “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov gətiriləcək. Baxmayaraq ki, Rəşad Sadıqovdan potensial imkanları yüksək olan Vəli Qasımov, Nazim Süleymanov, Mahmud Qurbanov, Qurban Qurbanov, Samir Abbasov, Yunis Hüseynov kimi təcrübəli mütəxəssislər bu vəzifəyə daha real namizədlər sayıla bilərdi. Ən azı adları çəkilən mütəxəssislərin məşqçilik təcrübəsi Rəşad Sadıqovdan çoxdur. Bu mütəxəssislərin keçmiş futbolçu kimi də təcrübələri və uğurları az deyil. Rəşad Sadıqovun potensialına kölgə salmaq fikrində deyiləm. 39 yaşında az qala oğlu yerində futbolçularla rəqabət aparıb karyerasını davam etdirən Rəşad Sadıqov da böyük futbol məktəbi keçib. Hətta U-19 millimizin baş məşqçi vəzifəsini də bir müddət icra edib.

Milli üzvlərindən Rəşad Sadıqov piarı

Böyük kapitan adını qazanmış 14 nömrənin Azərbaycanın ən yaxşı məşqçilərindən biri olmaq potensialı yüksəkdir. Amma hazırda futbol oynayan bir adamı A millinin baş məşqçisi təyin etmək dünya təcrübəsində də rast gəlinən nadir hadisədir. Düzdür, son vaxtlar millinin bəzi üzvləri sanki piar kompaniyasına qoşulmuş kimi Rəşad Sadıqovu milliyə dəvət edirlər. Çoxları Rəşadın futbolçular arasında olan nüfuzunu, onun sözünün keçərli olduğunu, psixoloji potensialını və s. amilləri əsaslı sayırlar. Axı millinin baş məşqçisi olmaq təkcə xütbə deyib imam namaz durmaq deyil! Burada Dimitri Nazarov, Eddi İsrafilov, elə adı bu yaxınlarda milliləşməyə yaxın olan Meza Kolli kimi ərköyün futbolçuları meydançada qaçırmaq kimi hesablanmayan amillər də var. Hələ ən əsası meydançadan kənarda Elxan Məmmədovun oyun havalarına oynamaq da var. Elə gəldik çıxdıq yazının əsas yerinə.

Millətlər Liqası oyunu

Artıq elə məhz Elxan Məmmədov oyunu başlayıb. Bu oyunun adını Millətlər Liqası oyunu adlandırmaq olar. Nədənsə Elxan Məmmədov bu oyunu ancaq Qurban Qurbanova və Rəşad Sadıqova qarşı oynayır. Bu da hamıya bəllidir. Çünki son illər Azərbaycan futbolunda Qurban Qurbanov və onun çevrəsi “Qarabağ” ın uğurları ilə böyük nüfuz qazanıb. Bu da baş katibin xoşlamadığı amillərdən biridir. Çünki o, futbol nüfuzuna özü tək sahib olaraq başqa şərik istəmir. Əslində idarəçilikdə bu bir tendensiyadır. 

"Sınıq körpü" müvəqqəti olaraq bərpa edilir

Elxan Məmmədov bir partiya ötən mövsüm Millətlər Liqası turnirində Qurban Qurbanovu A milliyə, Rəşad Sadqovu isə U- 19-a baş məşqçi gətirib elə gətirdiyi kimi də yola salıb bu nüfuzu parçaladı. Sözsüz ki, bu oyun Qurban Qurbanovun, Rəşad Sadıqovun və onların tərəfdarlarının Elxan Məmmədova qarşı kin-küdurətini artırdı. Əslində bu olaylardan Elxan Məmmədov elə də narahat olmadı. Çünki o, lazım olan vaxtı sındırdığı körpünü yenidən qurmağı da bacarır.

Elə məhz yenə “Millətlər Liqası oyunu” deyəsən başlayır.

Elxan Məmmədov və futbol ictimaiyyətinin nümayəndələrinin əksəriyyəti yaxşı bilir ki, Azərbaycan növbəti Millətlər Liqası turnirinin qrupundan qalib çıxa bilməyəcək və bunu bilə-bilə Rəşad Sadıqovu bu uğursuzluğda baş səbəbkar kimi görmək istəyir. Sonra isə çıxıb desin ki, bu da sizin dediyiniz yerli gənc mütəxəssis. Daha sonra isə AFFA istədiyi legioner məşqçini yenidən milliyə utanmadan çəkinmədən gətirmək üçün böyük xal qazanacaq. Məqsəd budur, cənablar!

Onu da qeyd edək ki, AFFA və ya Rəşad Sadıqov özü bütün proqnozları alt - üst edə bilər. 

Ramin TƏYYAROĞLU 


Digər xəbərlər