V İslam Həmrəyliyi Oyunlarının keçiriləcək tarixi müzakirə olunub

  Bölmə: Maqazin | 787 | 13:46 04-05-2020
V İslam Həmrəyliyi Oyunlarının keçiriləcək tarixi müzakirə olunub

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin və 2021-ci ildə Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komitəsinin birgə videokonfransı keçirilib.

Bu barədə AZƏRTAC-a həmin toplantıda iştirak edən Milli Məclisin deputatı, İHİF İcraiyyə Komitəsinin və V İslam Həmrəyliyi Oyunları Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva məlumat verib.

K.Nurullayeva bildirib ki, hazırda dünya koronavirus pandemiyasına qarşı ciddi müqavimət göstərməklə həyata davam etməyə çalışır. Pandemiya səbəbindən bütün dünyada yerli və beynəlxalq konfranslar, görüşlər, seminarlar onlayn şəkildə həyata keçirilir.

Videokonfransda bir sıra nüfuzlu şəxslər, o cümlədən İHİF-in prezidenti şahzadə Əbdüləziz bin Türki əl-Faysal, Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, eləcə də Milli Olimpiya komitələrinin (MOK) prezidentləri, İHİF İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri iştirak ediblər.

Konfransda 2021-ci ildə Konyada keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarının tarixinin koronavirus pandemiyası səbəbindən dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub və bu barədə müxtəlif təkliflər səsləndirilib.

Videokonfrans iştirakçıları tərəfindən yarışların gələn il keçiriləcək “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarından sonra təşkil edilməsi təklifi bəyənilib. İHİF İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva çıxışında koronavirus pandemiyasının beynəlxalq idman yarışlarının, həmçinin İslam Həmrəyliyi Oyunlarının təqviminə təsirindən danışıb. O, yarışların vaxtının dəyişdirilməsi ilə bağlı fikirlərini səsləndirib.

Toplantının sonunda V İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə yeni təkiflər hazırlayaraq İHİF İcraiyyə Komitəsinin müzakirəsinə təqdim etmək tövsiyə olunub.

Xatırladaq ki, sonuncu İslamiada - IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilib. İslam Həmrəyliyi Oyunları dörd ildən bir təşkil edilir.


Digər xəbərlər