Güləş üzrə bu il qitə birincilikləri keçirilə bilər

  Bölmə: Güləş | 355 | 20:14 01-07-2020
Güləş üzrə bu il qitə birincilikləri keçirilə bilər

Bu gün Dünya Güləş Birliyinin (UWW) Atletlər Komissiyasının 2-ci onlayn konfransı keçirilib. 

OLİMPSPORT xəbər verir ki,  vebinarda idarəçi funksiyasını UWW-nin İnkişaf Departamentinin direktoru Deqa Niamkey yerinə yetirib. O, növbəylə bir çox ölkələrin tanınmış güləşçilərindən ölkələrindəki son durum, koronavirusun yayılma tempi və mövcud vəziyyətdə güləşçilərin necə hazırlıq keçmələriylə bağlı məlumat vermələrini xahiş edib.

Qeyd olunan məsələlərlə bağlı Cordan Barrouz (ABŞ), Jasmin Mian (Kanada), Kamil Qasımi (İran), Mindauqas Ezerkis (Litva), Yuri Mayer (Argentina), Sofiya Matson (İsveç), Odunayo Adekuroye (Nigeriya), Yanan Sun (Çin) və Melonin Numonvi (Fransa) çıxış edib.

  Onlayn konfransda pandemiyanın Cənubi Amerikada geniş yayılması ilə əlaqədar bu zona üzrə qitə birinciliklərinin bu il keçirilmə ehtimalının az olduğu vurğulanıb. Digər tərəfdən, iyulun sonlarında Finlandiyada 5-6 ölkənin komandasının iştirakıyla təlim-məşq toplanışına start verilməsinin planlaşdırıldığı qeyd olunub. Müzakirələr zamanı bəzi yarışlarla bağlı da fikir mübadiləsi aparılıb.

Yeniyetmələr, gənclər və 23 yaşadək gənclər arasında qitə birinciliklərinin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub. Norveçin paytaxtı Osloda təşkili nəzərdə tutulan böyüklərin dünya çempionatının gələn il oktyabrın 2-dən 10-dək reallaşacağı gözlənilir. Ancaq pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə, bu il noyabrın sonları  dekabrın əvvəllərində də dünya çempionatı keçirilə bilər. Bu il Yunanıstan və Rumıniyada çimərlik güləşi üzrə iki beynəlxalq turnir də təqvimdə yer alıb. 


Digər xəbərlər