Üç ay sonra qitə birinciliyi start götürmək üzrədir - AGF isə hələ gözləyir

  Bölmə: Güləş | 1406 | 13:08 07-07-2020
Üç ay sonra qitə birinciliyi start götürmək üzrədir - AGF isə hələ gözləyir

Dünya Güləş Birliyi ( UWW ) bu ilin oktyabr ayının əvvəllərindən güləş üzrə qitə və dünya miqyaslı yarışları keçirməyə hazırlaşır.

Pandemiya (COVİD-19) ilə mübarizə aparan bir çox ölkələr kimi Azərbaycanda da xüsusi karantin rejimi davam edir. Hətta, paytaxtla yanaşı, bəzi rayon və şəhərlərdə də sərtləşdirilmiş karantin rejimi hökm sürür. Bu da o deməkdir ki, peşəkar idmançılar artıq uzun müddətdir ki, məşqsiz qalıblar. Düzdür, “evdə qal, idmansız qalma” prinsipinə sadiq olan idmançılar ev şəraitində müxtəlif proqramlarla məşq edib ən azı başlarını qata bilirlər. Amma nəzərə alsaq ki, 4 ay peşəkar məşqlərdən uzaq düşən güləşçilər 3 ay sonra qitə birinciliyində qüvvəsini sınayacaq, bu, praktiki olaraq istənilən nəticəni verməyəcək. Təbii ki, digər ölkələrdə də idmançılar peşəkar məşqdən ayrı qalıblar. Amma hazırda bizim kimi karantin rejimində olub, idman məşqlərinə qadağa qoyulan az ölkə qalıb. Eləcə də nəzərə alaq ki, beynəlxalq yarışlara qatılmaq üçün milli komandanın tərkibini müəyyən etmək məqsədilə ən azı 1 ay qabaq ölkə daxili yarışlar keçirilməlidir. Lakin, ölkəmizdə xüsusi karantin rejimi avqust ayının 1-də başa çatır. Əgər hər şey yaxşıya doğru gedərsə, idman zallarının qapısı avqustun 1-də idmançıların üzünə açılarsa, cəmi 2 ay vaxt ərzində yuxarıda qeyd olunan təqvim üzrə hazırlıq yenə də istənilən faydanı verməyəcək. Çünki uzun müddət məşqsiz qalan idmançılar birdən-birə məşqlərə qatılmaq üçün bir müddət adaptasiya dövrü keçməlidirlər. Daha sonra texniki-taktiki hazırlıq mərhələsinə keçməmişdən öncə ən azı iki həftə fiziki hazırlıq mərhələsi keçməlidirlər ki, bədən qarşıdan gələn yükləmələrə hazır olsun. Sözsüz ki, bu gün vacib olan idman məşqləri, yarışları və yaxud da karantin rejimi ilə bağlı qadağan olunmuş fəaliyyətlər yox, ölkəmizin pandemiyadan tamamilə xilas olmağıdır. Amma heç olmazsa, xüsusi tələblərə uyğun virusdan qorumaq şərti ilə yanaşı idmançıların məşqlərini bərpa etmək üçün bir təşəbbüs irəli sürmək olar. Bunun üçün əsas təşəbbüs öhdəliyi Azərbaycan Güləş Federasiyasının payına düşür. Çünki hazırda yaxında olan beynəlxalq yarışlardan biri də güləş yarışlarıdır. Hamı kimi güləşsevərlər də ümidini Operativ Qərargahın xoş xəbərinə bağlayıb. Bir yandan da AGF-nin atacağı addımları gözləyir. 3 ay sonra qitə birinciliyi start götürmək üzrədir. AGF isə hələ gözləyir. AGF təcili güləş mütəxəssisləri, klub rəhbərləri ilə onlayn iclas keçirib, idman məşqlərinin bərpası üçün ən azı bir təşəbbüs formalaşdırıb, Gənclər və İdman Nazirliyinə, Operativ Qərargaha təqdim edə bilər. 

Ramin Allahverdiyev, sərbəst güləş üzrə Respublikanın Əməkdar məşqçisi. 


Digər xəbərlər