Azərbaycan Premyer Liqası: "Sabah" ilk qələbəsini qazanıb

  Bölmə: Ölkə futbolu | 120 | 05:19 14-09-2020
Azərbaycan Premyer Liqası: "Sabah" ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasının II turunun son matçında "Sabah" Qəbələnin "Qəbələ" klubunu qəbul edib. 

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

OLİMPSPORT xəbər verir ki,  qarşılaşmada ilk qol 17-ci dəqiqədə vurulub. "Sabah"ın heyətində Coşqun Diniyev uzaq məsafədən topu qapıdan keçirib. Cəmi 10 dəqiqə sonra müdafiəçi Bəhlul Mustafazadə künc zərbəsi zamanı rəqib qapısı qarşısında qarışıqlıqdan istifadə edərək fərqi artırıb. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə "Sabah" daha bir dəfə qonaqları cəzalandırıb. "Qəbələ"nin kapitanı Asif Məmmədovun kobud səhvindən sonra qapıçını da keçən Ramil Şeydayev topu tora göndərib.

Oyunun 77-ci dəqiqəsində “Sabah" meydanda azlıqda qalıb. Slavik Alxasov qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra ilk xallarını qazanan "Sabah" 4-cü pilləyə yüksəlib. Bir xalı olan "Qəbələ" isə 7-ci sıraya geriləyib.

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" klubu "Neftçi"ni 2:0, "Zirə" komandası isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ" - "Keşlə" oyununda isə qalib müəyyənləşməyib - 0:0.


Digər xəbərlər