Beynəlxalq güləş yarışlarının təqvimində dəyişikliklər olub

  Bölmə: Güləş | 428 | 14:10 23-12-2020
Beynəlxalq güləş yarışlarının təqvimində dəyişikliklər olub

Dünya Güləş Birliyi (UWW) 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib.

OLİMPSPORT xəbər verir ki, buna səbəb pandemiyanın daha da güclənməsidir. Daha öncə yanvarda keçirilməsi planlaşdırılan Matteo Pellikone turniri mart ayına təxirə salınıb. Reytinq xarakterli yarış martın 4-dən 7-dək İtaliyanın paytaxtı Romada keçiriləcək.

Fevralda təşkili nəzərdə tutulan Avropa çempionatı isə apreldə baş tutacaq. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitənin ən güclü güləşçiləri müəyyənləşəcək. Varşavada reytinq xarakterli turnir də keçiriləcək. Bu yarışın vaxtı isə 8-13 iyun tarixləri olacaq. 

Gələn ilin ilk lisenziya yarışı sayılan Avropa Olimpiya Təsnifat turniriöz vaxtında - 18-21 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Ancaq Dünya Olimpiya Təsnifat turniri daha öncə açıqlanan tarixdən bir həftə sonra baş tutacaq. Belə ki, Olimpiadaya son lisenziyaların veriləcəyi yarış mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada reallaşacaq.

Qeyd edək ki, gələn ilin ilk beynəlxalq yarışları yanvarın ortalarında Fransa (Nitsa) və Xorvatiyada (Zaqreb) keçiriləcək "Qran-pri" turnirləri olacaq.


Digər xəbərlər