C.Həsənov: "Bu, ən məyus olduğum görüş oldu"

  Bölmə: Güləş | 398 | 16:03 07-01-2021
C.Həsənov: "Bu, ən məyus olduğum görüş oldu"

İdmançı kimi böyük uğurlara imza atan Cəbrayıl Həsənov bundan sonra məşqçi kimi fəaliyyətini davam etdirəcək.

OLİMPSPORT xəbər verir ki, sərbəst güləş üzrə gənclərdən ibarət yığmamıza böyük məşqçi vəzifəsinə təyin olunan C.Həsənov Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında bunları deyib:

"Ötən il Avropa çempionatına hazırlaşanda boynumdan zədə aldım. Müayinə zamanı boynumda iki yırtıq aşkarlandı. Ona görə də qitə birinciliyində tam gücümlə iştirak edə bilmədim. Açığı, Tokio Olimpiya Oyunlarında çıxış etdikdən sonra karyeramı başa vurmağı planlaşdırırdım. Ancaq bu zədəyə görə məşqlərdə ağrılar qalmaqda idi. Ona görə də fikirləşdim ki, idmançı karyeramı başa vurum. İnşallah, bundan sonra məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm. Federasiyanın prezident əvəzi Namiq Əliyevə məni bu vəzifəyə təyin etdiyi üçün təşəkkürümü bildirirəm. Məşqçi kimi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Əlbəttə, hər idmançının ən böyük arzusu olimpiya çempionu olmaqdır. Bu mənə nəsib olmasa da, olimpiya medalı qazana bilmişəm. Rio Olimpiadasındakı üçüncü yeri karyeramın ən böyük uğuru sayıram. Əslində Londonda da eyni nəticəyə imza ata bilərdim. Kubalı güləşçiylə görüşdə qələbə qazanmağa yaxın idim. Ancaq sona bir neçə saniyəyə qalmış səhv edərək məğlub oldum. Bu, ən məyus olduğum görüş oldu. Karyeram boyunca ən prinsipial rəqibim rusiyalı Aniuar Geduyev idi. Onunla müxtəlif yarışlarda qarşılaşmışıq. Şərif olimpiya, dünya və Avropa çempionumuzdur. Bu nəticəyə imza atan yeganə güləşçimizdir. İnşallah, kapitanlıq həm onun, həm komandamız üçün düşərli olar. İnşallah, komandamız Olimpiya Oyunlarında uğurlu çıxış edib, bayrağımızı yüksəldər".


Digər xəbərlər