Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları ilə əlaqəni genişləndirəcək

  Bölmə: Olimpiya Növləri | 311 | 11:57 29-01-2021
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları ilə əlaqəni genişləndirəcək

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin sədri Yoşiro Mori və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax yarışların təşkili ilə bağlı əməkdaşlığı genişləndirəcək.

OLİMPSPORT Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə tərəflər arasında razılıq yanvarın 28-də baş tutan telefon danışığı zamanı əldə edilib. Telefon danışığı barədə jurnalistlərə məlumat verən Y.Mori bildirib ki, koronavirus pandemiyası ilə bağlı irəli sürülən müxtəlif fikirlərə baxmayaraq, hər iki tərəf yarışlara hazırlığın davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Tərəflər arasında Oyunların uğurlu təşkili ilə bağlı əməkdaşlığın genişləndirilməsi qərara alınıb. Y.Mori qeyd edib ki, telefon danışığı zamanı T.Bax gələn ay BOK-un, Yaponiya hökumətinin, Tokio paytaxt administrasiyasının və təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə görüşün təşkilini təklif edib.

Təşkilat komitəsinin sədri, həmçinin rəsmi şəxslər tərəfindən görülmüş işlərin təhlilinin aparılmasının və bundan sonra atılacaq növbəti addımların müəyyənləşdirilməsinin zəruriliyini bildirib. Danışıqlar zamanı Yaponiyada vaksinasiya ilə bağlı görülən işlərlə maraqlanan T.Bax tezliklə daha çox insana peyvənd vurulacağına ümid etdiyini bildirib.

Oyunların tamaşaçılarsız keçirilməsi barədə ideyanı dəstəkləmədiyini bildirən Y.Mori yarışlara buraxılacaq tamaşaçı sayının və xaricdən gələn qonaqların qəbulu ilə bağlı müzakirələrin yazda aparılacağını deyib. Bu barədə qərarın həmin vaxt mövcud vəziyyət nəzərə alınaraq qəbul ediləcəyini bildirib.


Digər xəbərlər