İdman ictimaiyyətinin tanınmış nümayəndələri şəhid idmançıların ailələrinə baş çəkiblər

  Bölmə: Maqazin | 486 | 19:11 10-02-2021
İdman ictimaiyyətinin tanınmış nümayəndələri şəhid idmançıların ailələrinə baş çəkiblər

Fevralın 10-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət ediblər.

OLİMPSPORT  AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə nazirliyin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, sektor müdirləri Aydın Məmmədov, Nicat Həsənov, Fikrət Hüseynov, AİJF-nin prezidenti Qabil Mehdiyev, idarə heyətinin üzvləri Sənan Şəfizadə, Elşən Məmmədov, eləcə də Olimpiya mükafatçıları Zemfira Meftaxətdinova, Elnur Məmmədli, Emin Əhmədov, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları Fərhad Acalov, Niyaməddin Paşayev, Nizami Paşayev, Rəşad Əhmədov iştirak ediblər.

Tədbir iştirakçıları şəhid idmançılar - cüdo üzrə beynəlxalq turnirin mükafatçısı Rüfət Əliyev, bodibildinq üzrə ölkə çempionu Muxtar Qasımlı, alpaqut, kontakt karate üzrə dünya, Avropa çempionatının qalibi Emil Şamilov, alpaqut üzrə dünya çempionu İlkin Məmmədov, “Zirə” futbol klubunun üzvü İlqar Burcəliyev, Tennis İdman Kompleksinin əməkdaşı Elvin İslamov, kosiki karate üzrə ölkə çempionu Tərlan Eyniyev, qol güləşi üzrə Bakı çempionatının mükafatçısı Ənvər İmanovun ailələrində olublar.

Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbənin tarixi ədalətin bərpası olduğunu deyən Fərid Mansurov haqq-ədalət uğrunda gedən mübarizədə idmançıların da igidlik nümunəsi göstərdiklərini, Vətən uğrunda qəhrəmancasına şəhid olduqlarını bildirib. O, deyib ki, xalqımız qəhrəmanlarımızın əziz xatirəsini həmişə uca tutacaq. Qabil Mehdiyev 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını qeyd edərək böyük Qələbənin müasir tariximizin qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağını və gələcək nəsillərimiz üçün örnək təşkil edəcəyini bildirib. O, millətimizin, dövlətimizin qüruru və iftixarı olan şəhidlərimizin ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını və onların əziz xatirəsinin xalqımız tərəfindən daim anılacağını vurğulayıb.

Şəhid Rüfət Əliyevin ailəsi ilə görüşdə iştirak edən Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Səmədov bildirib ki, şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı məhəllədə bulaq və barelyefin hazırlanması işləri bu yaxınlarda başa çatdırılacaq.

Görüşdə Olimpiya, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları cəsarətin, qorxmazlığın, şərəfin, fədakarlığın simvollarına çevrilən şəhidlərin ruhu qarşısında baş əydiklərini bildiriblər.

Şəhid Rüfət Əliyevin qardaşı Elşad, Muxtar Qasımlının atası Əli, Emil Şamilovun atası Rafiq, İlkin Məmmədovun atası Abdulla, İlqar Burcəliyevin atası Vüqar, Elvin İslamovun atası Elçin, Tərlan Eyniyevin qardaşı Vüsal, Ənvər İmanovun anası Mədinə xanım şəhidlərimizin Vətən sevgisindən, vətənpərvərlik əzmindən, döyüşlərdə göstərdikləri rəşadətdən danışıb, onlarla qürur duyduqlarını bildiriblər.

Gənclər və İdman Nazirliyinin və AİJF-nin şəhid idmançıların ailələri ilə görüşləri növbəti aylarda da davam etdiriləcək.


Digər xəbərlər