"Yerli güləşçilərimizdən bir baş üstün olmayan legionerləri yola salmaq lazımdır" - R. Allahverdiyev

  Bölmə: Güləş | 1422 | 20:18 21-03-2021
"Yerli güləşçilərimizdən bir baş üstün olmayan legionerləri yola salmaq lazımdır" - R. Allahverdiyev

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Budapeştdə keçirilən lisenziya turnirində sərbəst güləşçilərimiz olimpiadaya iki vəsiqə əldə etdi (Hacı Əliyev-65 kq, Hacımurad Hacıyev-74 kq). Amma güləş ictimaiyyəti bütün çəkilərdə millimizdən lisenziya gözləyirdi.


Püşkatma mərasimindən sonra güləşçilərimizin qrup mərhələsindəki rəqiblərinə də nəzər salanda bunu deməyə əsas verirdi. Eyni zamanda millimizin təcrübəli heyəti ilə müqayisədə finala qədər qrupda keçilməz rəqib yox idi. Bəs problem nə idi? Məncə, güləşçilərimizin texniki-taktiki cəhətdən elə bir problemi yox idi. Çünki komanda baş məşqçi Namiq Abdullayevin rəhbərliyi ilə istər paytaxtda, istərsə də ölkədən xaricdə texniki-taktiki cəhətdən uğurla təlim-məşq toplanışları keçirmişdi. Bunu mətbuata müsahibələrinin birində də Namiq Abdullayev bildirmişdi ki, turnirdə iştirak üçün heç bir problemimiz yoxdur. Həqiqətən də federasiya tərəfindən millilərimiz üçün hər cür şərait yaradılmışdır. Bəs çatışmayan nə idi? Zənnimcə, komandamızın fiziki hazırlığı yüksək səviyyədə deyildi. Demək olar ki, bütün çəkilərdə bunun şahidi olduq. Təkcə ən ağır çəkidə mübarizə aparan (125 kq) Cəmaləddin Məhəmmədovu buna misal çəkmək kifayət edər. Onun alman rəqibinə qarşı sona qədər mübarizə apara bilməyib, məğlub olması sadəcə rüsvayçılıq idi. Tutaq ki, O lisenziya qazansaydı, Olimpiadada bundan artıq nə edəcəkdi? Əslində heç Hacımurad Hacıyevin də hazırkı forması Olimpiadadadan medal qazanacaq səviyyədə deyil. O, çətinliklə lisenziya qazansa da, ümidverici güləş nümayiş etdirə bilmədi. Olimpiada axı turist yeri deyil. Bunu hər bir idmançı və idmana cavabdeh şəxslər dərk etməlidirlər. Bizə iştirakçı sayının çoxluğu da lazım deyil. Bizə Olimpiya Oyunlarından medal gətirəcək gücdə olan idmançılar lazımdır. Kəmiyyət yox, keyfiyyət əsasdır. Cəmaləddin Məhəmmədova qalanda isə bu idmançını çoxdan yola salmaq lazım idi. Son illər uğur qazana bilmir. Ümumiyyətlə, yerli güləşçilərimizdən bir baş üstün olmayan legionerləri yola salmaq lazımdır. Vaxtında bu tədbir görülsəydi, heç kim özünü əvəzolunmaz saymazdı və hər bir idmançı öz işinə məsuliyyətlə yanaşardı ki, sabah qapını mənim də üzümə göstərə bilərlər. Adama nə qədər şans vermək olar? Onlara xərclənən vəsaiti öz məktəblərimizə sərf etmək lazımdır. Necə deyərlər, quyuya su tökməklə su olmaz. Quyunun gərək özündə su olsun. Legioner gəldi-gedərdi. Amma özümüzünkülər həmişə bu elin, obanın idmanla yanaşı milli təəssübünü çəkəcək. Necə ki, keçən ilin noyabr ayının 10-da Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan vətən müharibəsində şəhid olan, qazi olan, qəhrəman olanlar arasında öz məktəblərimizin idmançıları da oldu. Buna gənclər arasında sərbəst güləş üzrə Avropa və dünya çempionları Qalib Əliyevi, Əfqan Xaşalovu və elə öz şəhid olan tələbəm Elnur Mustafayevi misal çəkmək olar. Harda idi onda legionerlər? Əfqan Xaşalov müharibədə düşmənlə vuruşub öz ideal idman formasını itirəndə onun əsas rəqibi Bazarqanov da rəqabət boşluğundan istifadə edib Dağıstanda öz evində komfort şəraitdə məşq edirdi. Noldu bəs Bazarqanov? Mariya Stadnikdən başqa hansı legioner güləşçimiz ictimai fəallığı ilə töhfə verdilər ordumuza? Hansı legioner güləşçimiz bir şəhidin qapısını açdı, məzarı üstünə gül dəstəsi qoydu? Bu ifadələri, tənqidləri güləşsevərlər daha işlətməkdən yorulublar. Əvvəllər deyirdilər, ağır çəkidə rəqabət yaratmaq üçün legionerlərə ehtiyac var. Amma bu da heç bir nəticə vermədi. 10 ildən çoxdur ki, bu rəqabətdə Cəmaləddin Məhəmmədovu yenəcək bir güləşçimiz çıxmadı ortaya. Heç Xetaq Qazyumovu da məğlub edən tapılmadı. Əslində ola bilərdi. Bəs, hardadır o potensial ağır çəkili pəhləvanlarımız? Ya əsgərlikdə, ya mühafizə işində 400-500 manata yuxusuz qalıb çörək pulu qazanırlar, ya ortalıqda, ya da ki, ən yaxşı halda güc orqanlarında xidmət edirlər. İşləmək, çörək qazanmaq ayıb deyil. Amma niyə idmançı gənc yaşlarında legionerlərin üzündən karyerasını başa vurmalıdırlar? Rayondan gəlib kirayə mənzildə qalıb broyler məhsulu yeyən idmançı, villada, oteldə qalıb istədiyini yeyib-içən legionernən rəqabət apara bilər? Belə rəqabət olmaz. Rəqabət aparmaq üçün təkcə milli maraq yetmir. Ortada bir maddi maraq da olmalıdır. Bu tək idmançıya aid deyil. İdman məktəblərində çalışan məşqçi-müəllimlərin də qayğısına qalmaq lazımdır. Sizi inandırım ki, millinin heyətinə düşən idmançıların özü ilə bərabər şəxsi məşqçilərinə də əmək haqqı kəsilsə, məşqçilər əllərində çıraqla kənddən, kəsəkdən gedib, uşaq tapıb, yetişdirərlər. Belə onlarla layihələr hazırlamaq olar. Mövzudan deyəsən çox kənara çıxdıq. Qayıdaq millimizin favoriti olan Hacı Əliyevin turnirdəki çıxışına. Üç qat dünya çempionumuz finalda yenilməsinin əsas səbəblərindən biri də fiziki hazırlıq amili oldu. Düzdür, Hacı 2 ay öncə gözündən əməliyyat da keçirmişdi. Bunun özü də bir səbəbdir. Amma Hacının əzmkarlıq keyfiyyəti onu öz məqsədlərindən ayıra bilmədi və o əsas məqsədinə çataraq, Olimpiya Oyunlarına vəsiqə əldə etdi. Məğlubiyyətə gəldikdə isə bütün komponentlərdə Hacı finaldakı rəqibindən üstün idi. Ustalıq səviyyəsi, texnika, taktika və təcrübə Hacının tərəfində idi. Burada iki sual ortaya çıxır. Ya Hacının erməni rəqibi həddindən artıq fiziki hazırlıqlı idi, ya da ki, Hacı tam hazır deyildi. Çünki, çevirmə (nakat) fəndinin həm icrası, həm də müdafiəsi güc amilinə daha çox bağlıdır ki, bu fənd də görüşün taleyini həll etdi. İnanırıq ki, Hacı Əliyev Tokioda öz ideal formasını bərpa edib, uğur qazanacaq. Məni mövzudan kənar bir başqa sual da maraqlandırır. Görəsən, Ermənistan millisinin də bizdə olduğu kimi ayrıca xüsusi fiziki hazırlıq məşqçisi var? Varsa, demək ki, o bizim dağıstanlı legioner məşqçidən daha güclüdür. Yoxdursa, demək ki, əvvəllər olduğu kimi bu işi millinin güləş ixtisası üzrə məşqçiləri də həyata keçirə bilərlər. Hər halda güləşin təlabatını güləş mütəxəssisləri daha yaxşı bilərlər. Həm də pulu öz məşqçilərimiz qazanarlar. Özü də az maaşla. Məgər, Namiq Abdullayev, Fərid Mansurov kimi Olimpiya çempionlarımız fitness mütəxəssisləri tərəfindən fiziki hazırlıq prosesi keçiblər? Yox, əgər bu zəruridirsə, o zaman millinin fiziki hazırlıq məşqçisi məğlubiyyətə görə hesabat verməlidir. Ya da ki, daha yaxşı məşqçi tapmaq lazımdır. Hər halda ümid edək ki, növbəti sonuncu lisenziya turnirinə qədər bütün çatışmazlıqlar öz həllini tapacaq və güləşçilərimiz Tokioya tam heyətlə yollanacaqlar. Amma Bazarqanov (57 kq), Abakarov (86 kq) və Məhəmmədovun(125 kq) indiki forması ilə yox. Hər halda inanırıq ki, Olimpiya çempionu Namiq Abdullayev öz təcrübəsi hesabına baş məşqçi kimi bütün potensialını səfərbər edib növbəti lisenziya turnirinə qədər öz məşqçi heyəti ilə komandadakı çatışmazlıqları həll edəcəklər. Düzdür, Namiq Abdullayev komandada yenidir. İllərin problemini O tək başına həll edə bilməz. Bu başa düşüləndir. Amma ən azı onun həm Olimpiya çempionu kimi, həm də baş məşqçi kimi rəhbərlik qarşısında güləşimizin inkişafı üçün öz fikirlərini irəli sürəcəyinə inanırıq.

Sərbəst güləş üzrə Respublikanın əməkdar məşqçi Ramin Allahverdiyev.


Digər xəbərlər