Güləşimiz qara zolaqdan nə vaxt çıxacaq?

  Bölmə: Güləş | 2084 | 09:59 09-05-2021
Güləşimiz qara zolaqdan nə vaxt çıxacaq?

Güləşçilərimizin Tokio-2020 üçün mübarizəsi

Güləş üzrə sonuncu lisenziya uğrunda mübarizə Bolqarıstanın paytaxtı Sofiyada başa çatdı. Güləş yığmalarımız yenə də onlara bəslənilən ümidləri istənilən kimi doğrultmadılar. Lisenziya uğrunda mübarizə aparan hər üç sərbəst güləşçimiz evə əli boş qayıtmaqla yanaşı, Tokio Olimpiya Oyunlarını televiziya ekranı vasitəsilə izləməli olacaqlar. Qadınlarda Elis Manolova, yunan-Romada isə Rafiq Hüseynov sonuncu vəsiqəni olimpiadaya qazanan güləşçilərimiz oldu. Beləliklə, güləş yığmalarımız 18 çəkidən yalnız 7 lisenziya qazana bildilər. Həqiqətən də adam deməyə söz tapa bilmir. Nə yazasan, bilmirsən. Legioner sözü yazmaqdan adam sanki oxucunu da yorur. Yazmayıb, üstündən keçmək də olmur. 3 legioner gedəsən, 1 lisenziya qazana bilməyəsən. Deyək ki, yerli idmançılarımıza güvən olmadı. Bəs, bu legionerlər? Filan öz idmançımız getsəydi, bəlkə, lisenziya alardı demək də çətin qərardır. Düzdür, uduzandan sonra bu kimi ifadələri söyləmək çox asandır. Amma nəticə yaxşı da ola bilərdi. Legioner qısqanclığını bir yana qoysaq, heyət elə gözlənilən idi. Yalnız 57 kq mübahisəli ola bilərdi. Yəqin ki, məşqçilərimiz Əfqan Xaşalovun qitə çempionatındakı iştirakını nəzərə alaraq, onun tam bərpa olmamasını düşünüblər. Eyni zamanda yəqin, Georgi Edişeraşvilinin təcrübəsinə də güvəniblər. Mahir Əmiraslanov üçün isə bəlkə də risk etməyiblər. Başqa seçim demək olar ki, yox idi. Bəs, seçim niyə yox idi? Ona görə ki, seçim üçün ölkədə güləşin kütləviliyi əvvəlki kimi yoxdur. Problem daha dərinliklərdədir. Yenə başlayıb, öz məktəblərimizi inkişaf etdirmək lazımdır və s.fikirlər yazıb, sizi növbəti dəfə yormaq istəmirəm. Onsuz da bunu bilməyən yoxdur. Əvvəlki tənqidi yazılarımda detallı şəkildə bu haqda yazmışam. Heç olmasa, düz əməlli legioner almağı da bacarmırıq. Adi bazardan qarpız alanda az qala 10 dəfə qarpızı qaldırırıq, danqıldadırıq, sıxırıq, rənginə, saplağına, orasına-burasına baxıb, alırıq. Ondan qala adam alasan. Məşhur "O olmasın, bu olsun" filmində deyildiyi kimi, "əşi, siz bu gəlini gətirəndə bir baxmadız görək ki, ya bu arvaddır, ya kişi? Məşədi İbad kimi bir ətək pul xərcləyəsən, axırda da lisenziyasız qalasan. Axı, biz bunları guya hazır məhsul olaraq almışıq? Amma əslində onlar öz ölkələrində rəqabətə dözməyib, bizi seçiblər. Bunları gətirəndə düzgün seçim etmək lazım idi.

Azərbaycan güləşini necə xilas edək?

Adam bilmir konkret kimi qınasın. Məncə, belə nəticəyə görə güləşə cavabdeh olan hər bir şəxs məsuliyyət daşıyır. Hətta bu hallara göz yumub, arxada pıçı-pıçı edib, üzdə səsini çıxarmayanlara qədər. Başa düşürəm, hərənin bir uşağı var yığmada, biri maaş alır, biri ad alır, biri öz nüfuzunu qoruyur, biri dostluq münasibətlərini. İçi mən qarışıq. Amma biz burda durub, kimisə təhqir etmirik, böhtan atmırıq, siyasi bir fikir yürütmürük, kiminsə yerinə göz dikmirik, şəxsi həyatına qarışmırıq və s. Yığma məşqçilərimiz hamısı kifayət qədər təcrübəli məşqçiləridir. Federasiya işçilərimizin də əksəriyyəti güləş yolunu keçən kadrlardır. Yenidən Amerika kəşf etmək də lazım deyil. Sadəcə birləşib, problemin həll yolunu tapmaq lazımdır. Deyək ki, müasir zamanda qadın güləşi ənənələri bizdə olmayıb.

Deyək ki, Azərbaycan ailələrinin mental baxış bucağından qadının güləşlə məşğul olması bir mənalı qarşılanmır, ona görə legionerlərə ehtiyac var və s. Bəs, axı, qalan güləş növlərində həmişə bizim ənənələrimiz olub.

 

 

Güləş xokkey deyil ki, deyək, bu növü inkişaf etdirmək qlobal problemdir. Necə ki, təbii sərvət kimi həmişə neftimiz olub, güləşimiz də o cür. Bizdən həmişə güləşçi çıxıb. Elə bil indi su kranının ağzı biraz tutulub, açıb ağzını, borusunu biraz təmizləmək lazımdır. Yenə də gec deyil. Təkcə məsuliyyəti Azərbaycan Güləş Federasiyasının üstünə də atmaq olmaz. Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (MOK) birgə çıxış yolu tapmalıdır. Çünki bu, bizim dayaq idman növümüzdür. Güləşi xilas etmək lazımdır. Açıq-aşkar güləşin durumu göz qabağındadır. Həyacan siqnalını vermək vaxtıdır. Məncə, ilk növbədə Azərbaycan Güləş Federasiyası qabağa düşməlidir. Müşahidə Şurası yaradılmalıdır. Mütəxəssisləri, güləşə xeyri dəyəcək bacarıqlı adamları şuraya dəvət edib, birgə fikir mübadilələri, diskussiyalar aparıb, sonda layihələr hazırlanmalı, tərtib edilməli və nazirliyə, MOK-a təqdim edilməlidir. Daha müşahidə Şurasına vergi işçilərini, ingilis dilini bilənləri yox, ağzı-burnu döşəyə sürtünən güləş adamlarını dəvət etmək lazımdır. Yeri gəlsə, bölgələrdə odun peçi istisində güləşçi yetişdirməyin yolunu bilən məşqçiləri çağırıb, ən azı onları dinləyib, çıxış yolu tapmaq lazımdır. Bura bazar, otel, şirkət deyil, alverçiləri, xarici dil bilənləri yığaq başımıza. Gördük də əvvəlki işin nəticəsini. Allah bərəkət versin qatarda, avtobusda Bakıya uşaq yığıb, gətirən əynində illərin idman forması olan, cibinin pulu ilə tələbəni öz balası kimi yedirən, geyindirən, üstü unlu amma əsl "dəyirmançı" , işini sevən, bilən, fədakar məşqçilərimizə. Zərin dilini zərgər bilər. Başa düşürük, elm, texnologiya dövrüdür. Hər bir sahəyə savadlı kadrlar lazımdır. Axı, bu güləşdir. Koronavirus deyil, peyvəndin tapmaq üçün alimləri yığıb güləşin peyvəndini axtarasan. Dəyirman elə dəyirmandır. Və ya bedronun qaşı-gözü yoxdur. Biraz savad, biraz maddi dəstək, biraz vicdan, biraz ədalət və ən əsası milli təəssüb oldu, inanın ki, vəziyyət düzələcək. Düzdür, indiki vəziyyətdə olimpiada qabağı bu işi həyata keçirmək mümkün deyil. Çünki, hazırda hamının diqqəti Olimpiya Oyunlarına yönəlib. Yıxılana balta vurmaq da olmaz. Əslində bu heç baltalamaq da deyil. Əgər biz hamımız problemləri qabardıb, çıxış yolu axtarırıqsa və bu yolda gücümüzü səfərbər ediriksə, bu işin daha da xeyrinədir. Hamı birləşməlidir. Şəxsi münasibətləri, kimin hansı əqidədə olmasını bir kənara qoyub güləşin inkişafı naminə addım atmaq lazımdır.

Ramin Allahverdiyev (əməkdar məşqçi, Olimpsport-un baş redaktoru)


Digər xəbərlər