Milli komanda uduzdu

  Bölmə: Ölkə futbolu | 1438 | 01:10 07-06-2021
Milli komanda uduzdu

Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olub.

Kişineudakı "Zimbru" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 8-ci dəqiqədə Vitali Damaşkan vurub.

Azərbaycan yığması oyunun böyük hissəsini hücumda keçirməsinə baxmayaraq, hesabı dəyişə bilməyib. Üstəlik, 81-ci dəqiqədə Bədavi Hüseynov zədələnərək, meydanı tərk etdikdən sonra əvəzləmə limiti tükəndiyi üçün komanda matçı 10 futbolçu ilə başa vurmalı olub.

Beləliklə, iki kollektiv arasında sayca 11-ci görüşdə Moldova dördüncü qələbəsini qazanıb. Azərbaycanın isə cəmi 2 qələbəsi var. Bu, həm də 9-cu yoldaşlıq matçı olub.

Hazırda rəqib komandaya "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir.

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova - Azərbaycan - 1:0

Qol: Vitali Damaşkan, 8

Kişineu, "Zimbru" stadionu

Baş hakim: Marian Alexandru Barbu

Baş hakimin köməkçiləri: Vladimir Urzica, Mircea Orbulet

Dördüncü hakim: İon Orliç (hamısı Rumıniya)

Qeyd edək ki, daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisi ardınca Minskdə Belarusu eyni hesabla yenib.

 

Digər xəbərlər