Avropa çempionu olan millimiz Vətənə qayıdıb
Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında tarixi uğura imza ataraq komanda hesabında birinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz bu gün Vətənə qayıdıb.
Dörd qızıl və üç bürünc medalla Avropa çempionu olan yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov komandanın qitə birinciliyində çıxışı haqqında bunları deyib:
“Avropa çempionatında yığma komandamız 4 qızıl və 3 bürünc medal qazanaraq birinci yeri tutdu. Bu, çox fərəhli nəticədir. İnanıram ki, bu idmançılarımız bir ay sonra Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında da ölkəmizin şərəfini qoruyacaqlar. Azərbaycan Güləş Federasiyası adından məşqçilərimizi və idmançılarımızı, eləcə də onların klub və cəmiyyətlərdəki məşqçilərini təbrik edirəm. Bu, çox yüksək nəticədir. Bu nəticələrin davamı gələcək.
Bildiyiniz kimi, bu il ən əsas yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarıdır. İki yunan-Roma güləşçimiz Olimpiadada mübarizə aparacaq. Onların Olimpiadada uğurlu çıxış edəcəyinə inanıram. Böyüməkdə olan yeniyetmə və gənclər də onlardan nümunə götürəcək”.
Daha sonra yeniyetmələrdən ibarət millimizin böyük məşqçisi Taleh İsrafilov təəssüratlarını bölüşüb:
“Xalqımızı və Güləş Federasiyasını təbrik edirəm. Önəmli olan həm də ermənilər üzərində qazandığımız qələbələrdir. Onlarla 4 görüşün hamısında qələbə qazandıq. Yeddi medalla komanda hesabında qitə çempionu olduq. Hamınızı təbrik edirəm. Uşaqlara isə gələcək yarışlarda uğurlar arzulayıram”.
55 kq-da Avropa çempionu olan Fərid Baxışlı isə bunları deyib:
“Əvvəlcə Estoniya, daha sonra isə Almaniya güləşçisinə tam üstünlüklə qalib gəldim. 1/4 finalda Rusiya idmançısını 6:4, yarımfinalda isə Belarus təmsilçisini 4:2 hesabıyla məğlub edərək finala yüksəldim. Finalda da Ermənistan güləşçisinə qalib gələrək Avropa çempionu oldum. Bu, mənim ən böyük uğurumdur. O qədər sevinirəm ki, nə deyəcəyimi bilmirəm.
Ən çətin görüşüm məhz final qarşılaşması oldu. 0:7 hesabıyla geridə idim. Sona 40 saniyə qalmış hesabı bərabərləşdirib qələbə qazandım. İdman elə bir şeydir ki, son saniyəyə qədər mübarizə aparmalısan”.
Xatırladaq ki, AÇ-də Fərid Baxışlı ilə yanaşı, Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq) və Fərid Xəlilov (60 kq) qızıl, Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) isə bürünc medal qazanıb. Komandamız 153 xalla Avropa çempionu olub.