Cəbrayıl Həsənovun məşqçi kimi debütü uğurlu alındı

Xəbər verdiyimiz kimi, Almaniyanın Dortmund şəhərində gənclər arasında Avropa birinciliyi keçirilir.

Artıq sərbəst güləşçilərimiz bu dəfəki tsiklı üç qızıl və bir gümüş medalla başa vurublar. Bu nəticə eyni zamanda millimizi Rusiya və Türkiyədən sonra komanda hesabında 3-cü edib. Bu qitə birinciliyi Olimpiya mükafatçısı Cəbrayıl Həsənovun məşqçi kimi ilk ciddi sınağı idi. Üç qat Avropa çempionumuz idmançı kimi millidə qazandığı uğurları məşqçi olaraq da göstərməyə start verdi. Bu nəticəni həm onun fərdi, həm də komandanın uğuru kimi qiymətləndirmək olar.

Dortmund sınağında digər çəkilərdə çıxış edən idmançılarımız ümidləri doğrultmasalar da bədbinliyə qapanmaq olmaz. Məsələn, Murad Haqverdiyev (57 kq) öz potensialından çox aşağı çıxış etdi. Sanki, çəki prosesindən sonra xalçada tam bərpa olunmamış kimi görsənirdi. Ümumiyyətlə, aşağı yaş qruplarında çalışan məşqçilər idmançıların çəkilərinə nəzarət etməlidirlər. Bəzən yeniyetmə idmançılar 1 çəki yuxarıda, əslində isə potensialına uyğun çəkidə rəqabət aparmaqdan çəkinərək, süni şəkildə öz çəkilərini saxlayırlar. Bununla yanaşı məşqçiləri də aldatmağa çalışırlar. Daha anlamırlar ki, bu ilk növbədə öz sağlamlıqlarına zərbədir. Təbii inkişafda olan bədənin formalaşdığı bir dönəmdə idmançılar həm öz sağlamlıqlarını, həm karyeralarını, həm də millinin iş prinsipini risk altına atırlar. Ona görə də bəzən kişi güləşməsinə qədər böyüyə bilmirlər. Kimi zədə alır, kimi təzə gül açan çiçək kimi vaxtından əvvəl yanır, kimi də yuxarı çəkiyə gecikmiş keçid edir və uzun müddət vaxt lazım olur ki, həmin çəkidə bərkisin. Fikrimcə, böyüklərdən ibarət millimizin məşqçiləri aşağı yaş qrupları üzrə idmançıların hər il başqa çəkidə güləşməsində maraqlı olmaq üçün öz tələblərini irəli sürməlidirlər. Çünki, sonda gec-tez həmin idmançılar onların rəhbərliyi altında güləşəcəklər və ya bu problemlərin qurbanı olaraq böyüklərə gəlib-çata bilməyəcəklər. Ən azından idmançıların öz potensial çəkiləri üzrə güləşməsi üçün, onların fizioloji inkişaf mərhələsinə nəzarət etmək üçün bir funksioner məşqçi lazımdır. Bunun üçün federasiya öz nizamnaməsinə bir bənd artırıb şərt qoya bilər ki, yeniyetmə idmançı hər il eyni çəkidə güləşə bilməz. Belə olan halda məcburi olaraq idmançılar inkişaf etməyə can atacaqlar və ya inkişaf etməkdə olan bədənlərini çəki saxlamaqla yandırmayacaqlar. Mövzudan çox uzaqlaşsam da, məqsədim bəzi problemləri əsaslandırmaqdır. Düzdür, uğursuzluq tək bu amildən ibarət də deyil. Hamı medal qazana bilməz fikrini qəbul edirik. Amma hamı uduza bilər fikirini isə yox. Bir sözlə, yəqin ki, məşqçilərimiz digər çəkilərdə olan uğursuzluqları paytaxta qayıtdıqdan sonra analiz edib, çıxış yolunu axtarıb, tapacaqlar. Böyük ehtimalla dünya birinciliyi üçün bəzi çəkilərdə heyətdə dəyişikliklər olacaq.

 

Qeyd edək ki, bu nəticədə digər məşqçilərimiz, təcrübəli Rövşən Hacıyevin və gənc məşqçi Əşrəf Əliyevin də zəhmətini vurğulamaq lazımdır. Ümid edirik ki, komandamız dünya birinciliyində də uğurlu çıxış edəcək.

Ramin Allahverdiyev