"İdmanda 30 yaş kompleksi yalnız azərbaycanlılar üçün keçərlidir" - Olimpiyaçımızla müsahibə
Azərbaycanı Tokio-2020-də təmsil edəcək iki yunan-Roma güləşçisindən biri olan Rafiq Hüseynov Fanat.az-ın cavablandırıb. Oyunlarda 77 kiloqram çəki dərəcəsində mübarizə aparacaq təcrübəli "klassik"imiz ilk dəfə qatılacağı mötəbər yarışa hazırlığı və rəqibləri barədə fikirlərini bölüşüb.
- Hazırlığımız Göygöl Olimpiya-İdman Kompleksində davam edir. Burada mənə yığmanın üzvləri Sənan Suleymanov, Ülvi Qənizadə, Xasay Həsənli, həmçinin digər ölkələrdən olan dostlarımız Emrah Kuş, Timur Berdiyev, Davitaya Saşino, Aleksey Mişin kömək edirlər. Məşqlərimiz hazırda yüksək intensivliklə davam edir. Fiziki məşqlərimizə federasiya tərəfindən məşhur amerikalı mütəxəssis Mark Filippi də cəlb olunub.
- Oyunlar öncəsi son yarış olan "Poland Open"-də üçüncü nəticə göstərdiniz. Turnirdəki çıxışınızdan razı qaldınız?
- Orada yuxarı çəki dərəcəsində güləşirdim. Əsas məqsəd medal qazanmaq olmasa da, deyim ki, nəticəmdən razıyam. "Poland Open" Olimpiada öncəsi zəif nöqtələrimizin ortaya çıxması baxımından vacib idi. Görüşlər vaxtı bəzi boşluqlar məlum oldu. Hazırda onlar üzərində iş gedir.
- Dünya Təsnifat yarışınadək xeyli çəki salmışdınız. Hazırda çəkinizi qoruyub saxlamaqda çətinlik çəkirsiniz?
- İndi çəki ilə bağlı narahatlığım yoxdur. Fevraldan indiyədək bu baxımdan sıxıntı yaşamıram. O vaxtdan çəkim ortalama 79-80 kiloqramdır. Hətta məşqlərə bəzən 78 kilo ilə çıxıram. Şəkər məhsulları istisna olmaqla, qidalanmada məhdudiyyət zərurəti də hiss etmirəm.
- 77 kiloqram çəki dərəcəsi yunan-Romada ən rəqabətli çəki dərəcəsidir. Titullu "klassik"lər Olimpiadada mübarizə aparacaq. Daha çox hansı rəqiblər üzərində hazırlaşırsınız?
- Olimpiya Oyunlarında onsuz da zəif, təsadüfi idmançı olmur. 15 idmançının hər birini yaxşı tanıyıram. Üzərlərində xeyli müşahidələr aparmışam. Deyə bilərəm ki, hər birinin zəif və güclü cəhətlərinə bələdəm.
- 33 yaşda Olimpiya xalçasında olmağınız elə təəsssürat yaradır ki, bunun özü belə, böyük uğurdur. Ancaq əsas yarışların 77 kq üzrə son nəticələrinə baxdıqda görürük ki, bu, "qoca"ların çəkisidir. Məsələn, son iki dünya çempionatının qalibləri, Olimpiadada rəqibləriniz olacaq Rusiya və Macarıstan güləşçiləri sizdən daha yaşlı, təcrübəlidirlər...
- Mən elə fikirləşirəm ki, 30 yaş kompleksi yalnız biz azərbaycanlılar üçün keçərlidir. Bizdə az idmançı 30 yaşdan sonra karyerasını davam etdirmək niyyətində olur. Ancaq dünyada kifayət qədər güləşçi var ki, 30-u keçsə də, mükəmməl nəticələr göstərirlər. Olimpiya, dünya, Avropa çempionu olurlar. İdmançı istəyirsə və sağlamlığı imkan verirsə, yaş həddi deyilən bir şey yoxdur.
Sahib Əsədbəyli