İki güləşçimiz Fransada dördüncü oldu

Fransada keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsinə yekun vurulub.
 
Yarışda ölkəmizi 3 güləşçi təmsil edib. 
 
Təmsilçilərimiz qrup mərhələsini uğurla adlayıb. Mahal Novruzov (70 kq) 1/4 finalda türkiyəli Safa Aksoya (3:2) qalib gəlsə də, onunla eyni çəkidə çıxış edən Rübail İbrahimli gürcü Levan Kelexsaşviliyə məğlub olub - 0:3. Novruzov yarımfinalda rumıniyalı George Bukura (1:3), 3-cü yer uğurunda görüşdə isə ukraynalı Oleksey Borutaya (2:3) uduzub.
 
Qrup mərhələsində dizindən zədələnən Orxan Abasov (90 kq) yarımfinalda türk Mahmut Özkaya ilə bacarmayıb - 0:2. Həmyerlimiz bürünc medal görüşündə isə ukraynalı Aleksey Yakovçuka yenilib - 3:2.
 
Beləliklə, həm Mahal, həm də Orxan turniri 4-cü pillədə başa vurub.
 
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.