Azərbaycan güləşçisinə qalib gələn Rusiya təmsilçisi dopinqə görə cəzalanıb
Rusiyanın sərbəst güləşçisi Bilal Maxov antidopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiyaya məruz qalıb.
34 yaşlı idmançının cəza müddəti 2021-ci il 27 yanvardan hesablanır.
2012-ci il London Yay Olimpiya Oyunlarında 120 kq-da mübarizə aparan Maxov yarımfinalda gürcüstanlı Davit Modzmanaşviliyə uduzub. Digər yarımfinal qarşılaşmasında isə özbəkistanlı Artur Taymazaov iranlı Komeyl Qasemiyə qalib gəlib. Finalda Modzmanaşvilini də üstələyən Taymazov olimpiya çempionu olub. Lakin 2019-cu ildə təkrar yoxlama zamanı finalçıların qanında qadağan olunmuş maddə aşkarlandığından, onların medalları əlindən alınıb.
2020-ci ilin yayında Beynəlxalq Olimpiya Komitəsi (IOC) Maxovu London olimpiadasının qalibi kimi tanıyıb. Digər bürünc medalçı Qasemi də çempion elan olunub. Lakin həmin ilin noyabrında IOC Qasemini vahid çempion kimi tanıyıb. Dopinq testi müsbət çıxdığı üçün müvəqqəti diskvalifikasiya alan Maxov isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, Bilal Maxov London olimpiadasının 1/16 finalında Azərbaycan təmsilçisi Cəmaləddin Məhəmmədovu məğlub edib.