Dünya çempionatında çıxış edəcək heyət məlum olub
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.
Yarışda ölkəmizi hər 3 güləş növü üzrə millilərimiz təmsil edəcək.
Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev mundialda iştirak edəcək heyəti açıqlayıb.
Yarışın ilk günlərində baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), Kənan Heybətov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) yer alıb.
Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçimiz DÇ-də çıxış edəcək. Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) Osloda xalçaya çıxacaq.
Çempionatın sonlarına doğru yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) DÇ-də uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyacaq.