Azərbaycan güləşinin banilərindən biri olan İsax Cəfərovun həyatı
İsax Əli oğlu Cəfərov 15 avqust 1928-ci ildə Gəncənin qədim Şahsevənlər məhəlləsində anadan olub. O, Azərbaycanda ilk, Gəncədə yeganə SSRİ-nın Əməkdar məşqçisi və Gəncədə güləşin əsasını qoyan idman ustası idi.
İsax Cəfərov Gəncədə orta məktəbi bitirdikdən sonra, Bədən Tərbiyə Texnikumunda təhsil alıb. 1946-cı ildə o, idman ustası Vilayyəddin Hacıyevin rəhbərliyi altında “Spartak” idman cəmiyyətində məşqlərə başlayıb. Elə həmin ildə İsax, Azərbaycan güləşi üzrə Gəncə çempionu adını qazanıb. O, 1947-ci ildə sərbəst güləş üzrə respublika birinciliyində bütün döyüşlərdə qalib gəlib, yalnız güləşçi Rəşid Məmmədbəyova uduzaraq ikinci yeri əldə edib.
1948-ci ildən İsax üç il klassik güləş üzrə, 1951-ci ildən yenədə üç il sərbəst güləş üzrə respublikanın çempionu olub. O, idman ilə yanaşı, 1950-1955-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (AKTİ) təhsil alıb. Eyni zamanda İsax Cəfərov Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda qiyabi oxuyub. Tələbəlik illərində o, məşqçilik fəaliyyətinə başlayır və bunu belə xatırlayır: “1950-ci ildə AKTİ-na daxil olduğum vaxt burada güləşmə bölməsi yaradıb həvəskar gəncləri məşqlərə cəlb etdim. Bölmədə işlər yaxşı gedirdi. Gənclər həvəslə məşğul olur, güləşmənin müxtəlif fəndlərini mənimsəməyə cəhd edirdilər. Üç il ərzində bu bölmədə bir məşqçi kimi öz ixtisasımı artırdım. 1953-cü ildən isə “Dinamo” cəmiyyətində məşqçi vəzifəsinə təyin olundum”.
1980-ci ildən o, Gəncə şəhər 2 saylı Uşaq İdman məktəbinin direktoru vəzifəsində çalışıb. Cəfərov, həmçinin Gəncənin ictimai həyatında iştirak edib. O, iki çağırış Şəhər Deputatları Sovetinin deputatı olmuşdur. Həmçinin, əməkdar məşqçi Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
İsax Cəfərov məşqçilik illərində Dünya və Avropa çempionu Aydın İbrahimov, SSRİ çempionları Rəhim İsmayılov, Arif Həsənov, Azərbaycanın əməkdar məşqçilərindən Səməd Şahniyarov, Ziyabil Abbasov, Nadir Rəhimov və 100-lərlə idman ustalarını yetişdirib. İsax Cəfərov 57 yaşında, 1985-ci ildə vəfat edib və Gəncənin Fəxri Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin