Fərid Qayıbov: "Mənə zaman verməyinizi xahiş edirəm"

Gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq vəsaitin azaldıldığına dair xəbərlərə münasibət bildirib.

Nazir açıqlamasında hələlik büdcənin təsdiqlənmədiyini bildirib.

"Bu barədə heç nə deyə bilmərəm. İlk növbədə, büdcə təsdiqlənməlidir", - deyə o vurğulayıb.

Nazir belə sualları cavablandırması üçün bir qədər vaxt istəyib: "Mənə zaman verməyinizi xahiş edirəm. Bu cür suallar mənə çox verilir. Amma siz də başa düşməlisiniz ki, cəmi iki aydır bu vəzifədəyik, müəyyən planlama işləri olmalıdır. Hər hansı qərarı düşünərək verməliyik. Hazırda bu işlər görülür. Strateji planımız və sənədlər hazır olduqda sizi mütləq məlumatlandıracağıq".

Eyni zamanda Avropa Gimnastikasına rəhbərlik edən F.Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti seçilə bilməməsi ilə əlaqədar fikirlərini də bölüşüb: "Dörd il əvvəl Avropa Gimnastikasının prezidenti seçilmişdim. Bu dəfə isə namizədliyim FIG prezidenti vəzifəsinə irəli sürüldü. Türkiyənin Antalya şəhərində keçirilmiş 83-cü Konqres zamanı seçkidə ali qurumun hazırkı prezidenti Morinari Vatanabe ilə yarışırdıq. Seçkiləri o qazandı. Olimpiya tsikli bu dəfə 3 ilə endirildiyindən, Vatanabe 2024-cü ilin sonunadək FIG prezidenti olacaq. Mən isə Avropa Gimnastikasının prezidenti kimi qalıram. Qitə qurumunda seçkilər isə gələn ilin sonlarında olacaq".

Nazir yaxın vaxtlarda Azərbaycan Taekvondo Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyalarında da prezident seçkisinin keçiriləcəyi barədə iddialara isə belə reaksiya verib: "Federasiyalar ictimai birliklərdir. Seçkiləri özləri müstəqil keçirirlər".

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq vəsait 43 890 288,0 manat təşkil edəcək. 2021-ci ildə bu məbləğ 53 958 941,0 manat olub.