FƏNDİ İLƏ RƏQİBLƏRİNİ UYUDAN PƏHLƏVAN

Azərbaycan güləşinin tarixinə öz izini qoyanlar arasında özünə məxsus yeri olanlardan biri də Qulam Axundovdur.

O, Respublikamızın sərbəst güləşini keçmiş Sovetlər İttifaqında ilk dəfə təmsil edən iki idmançıdan biri idi. 1945- ci ilin Oktyabrında Leninqradda keçirilən sərbəst güləş üzrə ilk şəxsi SSRİ birinciliyində iştirak etmişdir. Həmin illərdə dəfələrlə Bakı, Respublika birinciliklərinin qalibi olan Qulam müəllim sonralarda müxtəlif miqyaslı idman yarışlarında respublikanın şərəfini ləyaqətlə qorumuşdur.

Qulam Axundov 1924-cü ilin avqustun 30-da Türkmənistanda anadan olmuş və erkən yaşlarında ailəsi ilə Bakıya köşmüşdür. İdmanda ilk addımlarını “Burevestnik” cəmiyyətinin güləş bölməsində atan gənc Qulam Axundov Azərbaycan güləş məktəbinin banisi Rza Baxşəliyevin şagirdi olmuşdur.

Qulam müəllimi xalça üzərində görənlər onun haqqında xatirələr söyləyilər. İdman veteranları ittifaqınn baş katibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Əbdül Sadıqovun xatirələrindən:

Bakının “Beşmərtəbə” adı ilə indiyə kimi məşhur olan ərazisi və onun ətrafındakı məhəllələrdən çıxan idmançılar, xüsusən, güləşçilər haqqında dəfələrlə söhbət açmışam. Bu mikrozonada təkcə güləş üzrə 50-yə yaxın SSRİ idman ustası adını qazanmış pəhləvanlar yetişib. Onlardan biri də Qulam idi.
Mən Qulamla 1945 –ci ildə “Dinamo” cəmiyyətində tanış olmuşam. O vaxt artıq üç il idi ki, güləşlə məşğul olurdum. Qulam o zaman artıq püxtələşmiş bir pəhləvan idi.Bizdən yaşca bir qədər böyük olan bu ciddi, təvazökar, son dərəcə mədəni insan rus dilini çoxumuzdan fərqli olaraq yaxşı bilirdi. O vaxt məşqçilərin əksəriyyəti qeyri millətlərin nümayəndələri olduğu üçün biz, rus dilini bilməyənlər, onlarla anlaşmada çətinlik çəkirdik. Burada Qulam bizim köməyimizə gəlir, müəlimlərin dediklərini bizə çatdırırdı.

Qulam özüdə zəngin fənd ehtiyatına malik idi.Onun tac fəndi olan “Kosoy zaxvat”-ı ( o vaxt, ele indidə güləşdə əsasən rus terminləri işlədilir) qarşısında hər oğul davam gətirmirdi. Qulam bildiklərini yoldaşlarına, xüsusəndə yetişməkdə olan gənc nəslə həvəslə öyrədirdi. Sonralar qələbə soraqları dünyanın böyük idman meydanlarından gələn Rəşid Məmmədbəyovun, Musa Babayevin, İbrahimpaşa və Muxar Dadaşov qardaşlarının, Sabir Hüseynovun və başqalarının idmançı kimi formalaşmasında Qulam Axundovun əməyi böyük olmuşdur.

Təəssüf ki, o, güləşməni idman həyatının erkən çağında tərk etməli oldu. Lakin idman aləmindən uzaqlaşmadı. Respublika xalq nəzarəti komitəsində işinin çoxluğuna baxmayaraq şəhər güləş federasiyasına böyük həvəslə başçılıq edirdi. Bu ictimai vəzifəni daşıdığı illərdə bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısı idi. Rəşid Məmmədbəyovun xatirə turnirinin 1972-ci ildə keçirilməsi belə yadda qalan tədbirlərdən biridir.

1945 – 1954 cü illər ərzində Azərbaycan çempionatında sərbəst, klassik, milli güləşdə dəfələrlə çempion və mükafatçı olub. Bu illər ərzində daim Azərbaycanı SSRİ çempionatlarında təmsil edib.1949-cu ildə SSRİ çempionatında sərbəst güləş üzrə ilk altılıqda yer alıb.1945 ci ildə ilk SSRİ çempionatında sərbəst güləş üzrə Azərbaycanı 2 idmançı təmsil edib və onlardan biri Axundov Qulam olub.

Azərbaycan Respublikası əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçisi, idman ustası Sabir Hüseynov xatırlayır;

“Qulam son dərəcə böyük fiziki qüvvəyə malik idi. Bədən quruluşundan kulturistə oxşayırdı. Belə baxanda Qulam müəllimi qaraqabaq adama bənzətmək olardı. Amma əslidə çox məzəli adam idi. Böyük – kiçik yerini bilən, həmdə yaman utancaq idi. Adamla daışanda qızarardı”.

Alkiviad Pavlidi – Respublikanın əməkdar məşqçisi, idman ustası, Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi:

Qulam ən çox özünün tac fəndi ilə - “Kosoy Zaxvat”-la yadımda qalıb. Bu fəndə məruz qalanlar əgər vaxtında təslim olmasaydılar xalça üzərində uyumağa məhkum idilər. Fənd boyun nahiyəsindən yapışmaqla yerinə yetirildiyindən yuxu arteriyası təzyiqə məruz qalır, insan huşunu itirirdi. Sonralar bu fənd qadağan olundu.
Qulamın çox güclü qolları vardı. Xüsusən dirsəkdən biləngə qədər olan hissə polad kimi möhkəm idi. Yuxarıda adı çəkilən fəndi elə buna görə asanlıqla yerinə yetirirdi.

Qulam Axundov 1992 –ci ilin 20 yanvar günü düyasını dəyişib. Lakin onun Azərbaycan güləşi üçün etdikləri qədirbilənlərin xatirində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Mənbə: Axundov Fərid (nəvəsi)